“Yol hərəkəti ilə bağlı dövlət proqramı kağız üzərində qalıb” — AÇIQLAMA

GÜNDƏM 15 iyn 2022, 14:57
Ötən gün respublikanın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 7 nəfər həyatını itirib. Çox təəssüf ki, bu statistika günbəgün artmaqdadır. Bəs, bu vəziyyətdən çıxış yolu nədir?

Sualımızı cavablandıran nəqliyyat eksperti Ərşad Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, dünyada bununla bağlı xüsusi proqamlar var. Ekspert qeyd edib ki, belə bir proqram ölkəmizdə qəbul olunsa da, təəssüf ki, icrası reallaşmayıb:

“Bu, dünyanınn müxtəlif ölkələrində çoxdan işlənmiş, aydın sxemlə tənzimlənən bir məsələdir. Hətta, Birləşmiş Millətlər Təşkilatının yol hərəkəti təhlükəsizliyi, yolun idarə olunması ilə bağlı direktivləri, proqramları var. Həmin direktivlər və proqramlar əsasında dünyanın bir çox ölkələrində milli proqramlar qəbul olunub, icra olunub və icra olunmaqdadır. Məsələn ilk qabağa düşən ölkələrdən biri İsveçrə olub.



Hələ 1990-ci illərdə “Vision Zero” proqramı var idi. “Vision zero” o, deməkdir ki, yol-nəqliyyat hadisələrində ölüm sıfır olsun. Düzdür, bu, asan məsələ deyil. Amma hər halda, bu proqramla konkret işlər görüblər. Tutaq ki, İsveçdə, Almaniya, Britaniyada 30 il bundan qabaq hər il yüz min nəfər əhaliyə 15-20 nəfər ölüm düşürdüsə yol-nəqliyyat hadisələrində, amma indi hər il baxmayaraq ki, avtomobillərin sayı artır, ancaq hər il  100 min nəfərə düşən yol nəqliyyat hadisələrində ölənlərin sayı 2-3 nəfərdir. Bu isə ən azı 10 dəfəyədək yaxşılaşmanın olduğunu göstərir. Təbii ki, bunlar da həmin proqramlar nəticəsində olub. Bizim dövlət də 2018-ci ilin dekabr ayında belə bir dövlət proqramı qəbul edib. Həmin proqram 5 illikdir və 2019-2023-cü illəri əhatə edir. Bu il 4-cü ilidir, gələn il isə proqramın müddəti bitir, amma indiyədək heç bir iş görülməyib. Bu proqram ancaq kağız üstündə qəbul olunub və kağız üstündə də qalıb. Ümumiyyətlə, bu proqramda hər şey var. Yəni, yol-nəqliyyat hadisələrində baş verən səbəblər nədir, buna gətirib çıxaran səbəblər, bunun baş verməsinin əsas amilləri və s.  Yəni, artıq həmin dövlət proqramını həyata keçirmək lazımdır”. 

Ekspert vurğulayıb ki, həmin dövlət proqramında hər şey aydın şəkildə yazılıb:

“Proqram həm beynəlxalq təcrübə, həm də qabaqcıl ölkələrin təcrübəsi əsasında yazılıb və istiqamətlər göstərilib”.

Ə.Hüseynov qeyd edib ki, ölkəmizdə avtomobillərin çox köhnə olması yol-nəqliyyat hadisələrinin sayının artmasına səbəb olan amillərdəndir:

“Bu gün ölkəmizdə köhnə avtomobillər var. Yəni, Azərbaycanda istismar olunan avtomobillərin 80 faizinin yaşı on ildən çoxdur, hətta Sovet dövründən, 30-40 ilin avtomobilləri də var. Onların yenilənməsi, yollarda tibbi təminatın əhaliyə öyrədilməsi, bütün bu istiqamətdə işlər var və onlar görülməlidir. Qeyd edim ki, proqramda sürücülərin hazırlığı və sürücü olmaq məsələsi ilə bağlı da qanunun təkmilləşdirilməsi istiqamətində işlər görülməlidir ki, ölkədə peşəkar sürücülər olsun. Ölkədə real təhlükəli vəziyyətlərdən çıxa bilən, nəqliyyat vasitələrini təhlükəsiz idarə edə bilən sürücülər olmalıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top