Azərbaycan xalqının qurtuluşu

GÜNDƏM 13 iyn 2022, 18:08
Xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri də tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Çünki bu gündən sonra bizim həqiqi müstəqillik tariximiz başlayır. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın möhkəm təməlləri qoyuldu. Qısa müddət ərzində Azərbaycan xaosdan, siyasi-iqtisadi  böhrandan, vətəndaş müharibəsindən qurtuldu. Bütün Azərbaycan xalqı vahid ideologiya - Azərbaycançılıq ətrafında birləşdi. 

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Doğurdan da  xalq hakimiyyətin, dövlətin xilasının yalnız Heydər Əliyev siyasətində nicatının tapılacağına inandı, dahi liderin hakimiyyətə gəlməsini tələb etdi və buna da nail oldu. 

Qısa bir zaman kəsiyində ölkəmizin sürətli inkişafı dünyanın diqqət mərkəzinə gəldi.  Ümummilli Lider Heydər Əliyev  dünyaya əsl müstəqilliyin necə olduğunu göstərdi. Xalqın öz liderinə inamının göstəricisi idi ki, xalq Ulu Öndərdən sonra da Onun layiqli davamçısının – Prezident İlham Əliyevin ətrafında birləşdi.

Prezident İlham Əliyev haqlı olaraq bildirir ki,  Milli Qurtuluş Günü Azərbaycanın tarixində dönüş nöqtəsi idi. Bəli, bu, həqiqətən belədir. Çünki danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idilər ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, Böyük Qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. 

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində artıq Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Bütün bu uğurlar Ulu Öndərin siyasi kursunun layiqli davamıdır ki, dövlətimizin başçısı İlham Əliyev bu işin öhdəsindən ləyaqətlə gəlir. İnanırıq ki, ulu öndər Heydər Əliyevin ideyaları hər zaman yaşayacaq, xalqımızı daha böyük uğurlara, parlaq gələcəyə doğru aparacaq. Qurtuluşun mübarək, Azərbaycan!



Pikə Əhmədova,
Xətai rayonundakı 59 saylı tam orta məktəbin direktoru
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top