Sosioloq: “Bizdə qız uşaqlarına valideynlər tərəfindən güvən azdır”

GÜNDƏM 13 iyn 2022, 17:10
“Biz adətən erkən nikahlara rayonlarda rast gəlirik”.

Bunu Demokrat.az-a açıqlamasında sosioloq Aynur Hacıyeva deyib. Sosioloq qeyd edib ki, hər il maarifləndirmə işləri aparılsa da, bu problem qalmaqdadır:

“Təbii ki, bunun da əsas səbəblərindən biri maarifləndirmənin daha çox şəhərlərdə aparılması ilə bağlıdır. Çox təsadüfi hallarda görərik ki, bölgələrdə gedib kimsə insanları bu istiqamətdə maarifləndirir. Düzdür, rayonlarda valideynlər qız uşaqlarına təhsil verməkdə çox maraqlıdırlar, amma bir çox valideynlərimiz özü təhsilsiz olduğundan bunu edə bilmirlər”. 

Sosioloq hesab edir ki, erkən nikahların davam etməsinin ən mühüm səbəblərindən biri də genetik faktordur:

“Çünki bəziləri bunu öz valideynlərindən elə görüblər. Bu, artıq onlarda genetik faktor kimi formalaşıb. Məsələn keçən dəfə bir video var idi. Orada baba xəstədir və yetkinik yaşına çatmayan qızının toyunu görmək istədiyini deyir. Yəni, biraz da təhsilin zəif olması və dədə-babadan belə görmələri erkən nikahların davam etməsinə şərait yaradır. Ona görə də, düşünürəm ki, maarifləndirmə işlərini biz daha çox bölgələrdə aparmalıyıq. Bir faktı da qeyd edim ki, bəziləri övladlarını şəhərə oxumağa göndərir, evləndirir və deyir əri ilə birlikdə getsin, şəhərdə tək yaşamasın. Yəni, qız uşaqlarına valideynlər tərəfindən güvən azdır. Ən çox da biz bunu bölgələrdə görürük. Hesab edirəm ki, bu istiqamətdə ciddi işlər görülməlidir və təbii ki, bu, sonda effektiv nəticəsini verəcək. Bu gün biz müşahidə aparsaq, görərik ki, bölgələrdə maarifləndirmə ilə bağlı bəlkə də ildə bir dəfə kimsə ora gedib çıxıb, yoxsa yox”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top