Akif Nağı: “Bu, Rusiyadan gələn sifarişdir ”

GÜNDƏM 13 iyn 2022, 14:30
İl yarımdan çoxdur ki, müharibə başa çatıb, lakin hələ də Qarabağ bölgəsində qanunsuz erməni silahlıları qalır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü maddəsini yerinə yetirməkdən boyun qaçıran rus sülhməramlıları separatçıları silah-sursatla təmin edir.

Məsələyə münasibət bildirən "Qarabağ Azadlıq Təşkilatı”nın (QAT) sədri Akif Nağı Demokrat.az-a açıqlamasında bildirib ki, rus sülhməramlılar Azərbaycanın nəzarətində olmayan Qarabağ ərazilərində möhkəmlənməyə çalışırlar. Yəni, sülhməramlı adı ilə gəliblər, amma oradan çıxmaq fikirləri böyük ehtimalla yoxdur:

“Ona görə də, oradakı terror qrupunu hər cür silahlandırırlar, dəstəkləyirlər. Ermənistanda radikal müxalifət tələbləri ilə bu gün Xankəndidəki terrorçu qrupun tələbləri ilə tamamilə üst-üstə düşür. Birmənalı şəkildə Xankəndidəki terrorçu qrupunun sözçüsü “nazir” Beqlaryan açıq şəkildə bildirir ki, Avropa İttifaqı məsələlərə müdaxilə etməmələridir. Danışıqlar üçün Minsk qrupu həmsədrləri formatı var və  Rusiya sülhməramlıları regionda müddətsiz qalmalıdırlar. Bu, Rusiyadan gələn sifarişdir və onlar da bu sifarişi yerinə yetirirlər”. 

“İrəvanda gedən aksiyalarda da Rusiya amili ortadadır. Hesab edirəm ki, radikal müxalifətin Ermənistanda apardığı etiraz aksiyaları, eyni zamanda Xankəndidə gedən proseslər Rusiya tərəfindən idarə olunur. Onlar oradakı terrorçuları həm silahlandırır, həm də humanitar yardım adı altında müəyyən dəstəklərini verir. Həm də Rusiya Qarabağda “rus icması” kartını yenidən aktuallaşdırır. Təbii ki, Rusiyanın niyyətləri xoş deyil, ən azından bunlar orada müəyyən bir mərhələdir. Hələ ki, Azərbaycan-Türkiyə tandemindən çəkinirlər. Uyğun məqam yetişərsə, onlar özlərinin məkrli niyyətlərini həyata keçirməyə cəhd göstərəcəklər. Ona görə də, silahlanma və digər məsələlər rusların o niyyətinə xidmət edir”,- deyə A.Nağı fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top