Cavanşir Quliyev: “Türkiyə kimi Azərbaycan da Əhməd Cavadı layiqincə dəyərləndirməlidir”

GÜNDƏM 11 iyn 2022, 17:10
Xəbər verdiyimiz kimi,  qardaş Türkiyədə 130 illik yubileyi çərçivəsində Azərbaycanın milli-istiqlal şairi Əhməd Cavada həsr olunan silsilə tədbirlər keçirilir.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və TRT-nin birgə təşkilatçılığı ilə Ankarada Əhməd Cavadın əsərlərinin ifasına həsr olunan konsret keçirilib.



3000-nə yaxın insanın qatıldığı konsertdə Azərbaycanın görkəmli bəstəkarı Cavanşir Quliyevin də bəstələdiyi mahnı böyük sənətkar Azər Zeynalov tərəfindən ifa olunub.

Gununsesi.info-ya eksklüziv açıqlamasında Cavanşir Quliyev konsertlə bağlı fikirlərini bölüşüb:

” Artıq neçə müddətdir Türkiyədə Əhməd Cavadın 130 illiyi ilə bağlı tədbirlər keçirilir. Sonuncu tədbirdə mən də bir əsərimlə iştirak etdim. Ankaranın ən böyük salonlarından birində böyük bir konsert oldu və o salon çox nadir hallarda dolurdu. Çünki, 3000 nəfərə yaxın adam tutumu olan salon həmin gecə  doldu. Mən çox qürurlandım ki, mənim millətimə mənsub olan şairin  gecəsinə bu qədər adam toplaşdı . Demək ki, Əhməd Cavad orada da sevilir. Türkiyənin Ankarada yaşayan önəmli ədəbiyyat adamları, siyasətçilər, diplomatlar da qatılmışdı və bu da insana qürur verirdi. Konsert çox yüksək səviyyədə keçdi, çünki dediyim kimi Türkiyənin birnömrəli simfonik orkestrı, böyük çoxsəsli xor və Bakıdan gələn solistlər iştirak edirdi. Dirijor Mustafa Mehmandarovun idarəsi ilə bu konsert möhtəşəm səsləndi . Türkiyənin dövlət kanalı olan TRT bu konserti sonadək çəkdi və bu gün-sabah yayimda olacaq. Əhməd Cavad haqqında mənim danışmağım təbii ki artıqdır. Çünki, Əhməd Cavad Azərbaycanda hər kəs tərəfindən sevilən, sayğı göstərilən böyük istiqlal şairimizdir, milli himnimizin müəllifidir. Hal-hazırda Azərbaycanda yeddidən yetmişə qədər hər kəs o marşı təntənəli hadisələrdə oxuyur. Ən azından bu hadisə, bu olay Əhməd Cavadın Azərbaycanda da yad edilməsinə əsas verir. Türkiyə kimi Azərbaycanda Əhməd Cavada layiq olduğu dəyəri verməlidir. Arzu və ümid edirəm ki, böyük şairimizin yubileyini və onunla bağlı yədbirlər Azərbaycanda da silsilə olaraq keçiriləcək. Çünki xalqımız onu çox sevir”.



Cavanşir Quliyev, həmçinin Türkiyədəki bu tədbirlərin belə möhtəşəm və uğurlu keçməsində Əhməd Cavad ailəsinin mənəvi böyüyü olan Nicat Quliyevin də xüsusi rolunu xatırladıb:

“Nicat Quliyevə Əhməd Cavad irsinin mənəvi idarə edicisi, yönəticisi də demək olar. Onun böyük zəhməti nəticəsi ilə bu konsertlər, bu tədbirlər əmələ gəlib. Çünki, belə hadisələrdə, belə tədbirlərdə mütləq bir yönətici, bu işlərin inzibati məsələlərini həll edən bir nəfər və ya bir neçə nəfər olur. Mən onunla  yeni tanış oldum və bizim belə bir ziyalımızın olmasına çox sevindim. Arzu edək ki, Azərbaycanda da olsun bu tədbirlər. Əhməd Cavadın sözlərinə artıq kifayət qədər əsərlər yazılıb, bundan sonra təbii ki, yazılacaq da. Xalqımız, millətimiz yeni şeirləri ilə də tanış olar, çünki yaradıcılığı çox böyükdür. İnsanların bir qismi hamısı ilə tanış deyil və bu tədbirlər nəticəsi ilə daha da dərindən tanış olarlar.

Mən fürsətdən istifadə edib əsərimi yüksək səviyyədə ifadə edən Azər Zeynalova təşəkkür edirəm. Belə şeylər nadir hallarda olur. Bildirim ki, bu əsəri hazırlayanda Azər bəylə internet vasitəsilə çalışdıq. Bir neçə dəfə çalışmamızın nəticəsində belə bir əsər ortaya çıxdı. Bu həm də Azər Zeynalovun necə istedadlı bir insan olduğunun ifadəsi idi”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top