“Rusiya bayrağını döş cibində gizlədib, Türkiyə bayrağı ilə şəkil çəkdirirlər” — SENSASİON AÇIQLAMA

GÜNDƏM 11 iyn 2022, 15:22
"Azərbaycan Ordusu modernləşməyə getməsi üçün Rusiya meylli “5-ci kolon” ünsürlərindən təmizlənməlidir".

Bunu Demokrat.az-a açıqlamasında "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib. 

"Azərbaycan Ordusu tam olaraq modernləşdirilməyə gedə bilmək üçün ən başda fərqində olaraq və ya olmayaraq Rusiya meylli “5-ci kolon” ünsürlərdən təmizlənməlidir. Əks halda, onları aşkar etmək və təmizləmək çətin olacaq. Çünki bir çoxları sistemdə varlıqlarını sürdürə bilmək üçün Rusiya bayraqlarını döş cibində gizlədib Türkiyə bayraqları ilə şəkil çəkdirirlər. Hansı ki, bir zamanlar bu gizli vətən xainləri Türkiyədə təhsil almış zabit və gizirlərə düşmən gözü ilə baxırdılar. Belələrinin bir çoxu qərargahlarda tabeçiliyində olanların yazdıqları raportları qavraya bilmək üçün rus dilində yazılmasını tələb edirdilər. Müdafiə Nazirliyinin baş qərargahında xidmət etdiyim illərdə təlimatların yuxarı rəislərin oxuya bilmələri üçün rus dilinə tərcümə olunduğuna da az şahidlik etməmişəm". 

“Baş qərargahda zabit olaraq fəaliyyət göstərə bilmək üçün isə rus dili ən önəmli meyarlardan biri idi. Maraqlı məqamlardan biri isə öz doğma dilimizdə təlimatların hazırlanması zamanı ana dilimizi qramatik olaraq bilən çox az zabitin olması idi. Buna normal olaraq baxılırdı. Çünki otuz il Azərbaycan Ordusunun Baş Qərargah Rəisi olmuş bir şəxs dövlət dilimizdə danışmır, bütün raportları rus dilində qəbul edir, əmrləri rus dilində yazır, iclaslarda söyüş dolu tapşırıqlarını rus dilində verir və dilimizə olan nifrətini aşkar büruzə verirdi. Təbii ki, belə rəhbərləri olan qurumun özəyindən qopmuş bir çox yüksək rütbəlisi də "faydalı" olabilmək üçün rəislərinin dəsti xətti ilə gedənlər olmalı idi. Bəhs olunan rəis artıq iki ildir ki, Azərbaycan Ordusunu tərk edib. Amma onun tör töküntüləri hələ də Azərbaycan hərbi qulluqçularının canından zəli kimi qopmaq bilmirlər”. 

“Sən demə onlar artıq türkçüdürlər. Məsələ Türkiyə vəya Rusiya sevdalısı olmaq deyil. Məqsəd ordumuzun çirkaba bulaşmışlardan və sözün həqiqi mənasında dövlətinə sədaqəti olmayanlardan təmizlənməsi olmalıdır. Azərbaycan Ordusu dövlətimizin onurğa sütunudur. Bu səbəblə belə bir qurumda ən ali rütbəsindən və kimliyindən asılı olmayaraq şəxsi mənfəətlərini güdən “5-ci kolon” ünsürlər dərdəst edilib təmizlənməlidir. Bundan sonra biz sözün həqiqi mənasında tam modern ordu qurmağa müvəffəq olabilərik”,- Alp Arslan İmamqulu fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top