“Sərhəd” hərbi-idman oyunları başa çatdı — FOTOLAR

HƏRBİ 11 iyn 2022, 14:05
Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında hər il təşkil olunan “Sərhəd” hərbi-idman oyunları başa çatmışdır. 

Demokrat.az xəbər verir ki, bu il ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 36 sərhədyanı və digər rayonların 181 məktəbinin 905 şagirdi iştirak etmiş, ilk iki mərhələnin yekunlarına görə 10 komanda iyun ayının 1-dən 10-dək final mərhələsində mübarizələrini davam etdirmişlər. 

Komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi", "Ləpirçilik", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi", "Maskalanma", "Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq" və "Sıra hazırlığı" üzrə  öz bilik və bacarıqlarını nümayiş еtdirmişlər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti tanış olmuş, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilmiş, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilmişdir.  

Final mərhələsinin yekunlarına görə Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zeyxur” komandası birinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası ikinci, Qax rayonunun Zəyəm kənd tam orta məktəbinin “Zəfər” komandası isə üçüncü yeri tutmuşlar. 

İyun ayının 10-da Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bu oyunların gənclərdə Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını  vurğulamışlar.

Tədbirdə qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə, eyni zamanda oyunlarda fəal iştirak etmiş komandalar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılmışlar.

Sonda “Sərhəd” hərbi idman oyununun iştirakçıları ilə xatirə fotoşəkilləri çəkilmişdir.



Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top