Deputat peyğəmbərin təhqir olunmasından danışdı: “Nəticə çox pis olacaq”

GÜNDƏM 10 iyn 2022, 11:19
“Bir dinin digərini təhqir etməsi yolverilməzdir”.

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Yenisabah.az-a açıqlamasında deyib.

Qeyd edək ki, Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbərlə bağlı təhqiramiz ifadələr işlədilməsi səbəbindən ötən gün Hindistan səfiri Azərbaycan XİN-ə çağırılıb. Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyatına toxunduğu qeyd edilib.

Bununla yanaşı oxşar hadisə İngiltərədə də baş verib. Həftəsonu ekranlara çıxan “Cənnətin xanımı” (“The Lady of Heaven”) filminə İngiltərə müsəlmanları sərt təpki verib. Həmin filmdə peyğəmbərin qızının hekayəsindən bəhs edilir. Etirazçılar filmdə qaradərililərin aşağılandığını, dinin təhqir olunduğunu bildiriblər.

Deputatın sözlərinə görə, bu cür fəaliyyəti çox vaxt insan azadlıqları və demokratiya ilə əlaqələndirməyə çalışırlar:

“Bütün hallarda belə addımların atılması yolverilməzdir. Bu günə qədər heç bir müsəlman onların dinini, müqəddəs kitablarını təhqir etməyib. Təəssüf ki, biz davamlı olaraq Fransada, İngiltərədə belə addımları görürük. Bunu çox vaxt insan azadlıqları və demokratiya ilə əlaqələndirməyə çalışırlar. Bunun insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. BMT-nin nizamnaməsinə, beynəlxalq hüquqlara əsasən də bir dinin digərini təhqir etməsi yolverilməzdir. Belə hallar qəbuledilmzdir. Çünki bu, müsəlman xalqalarının heysiyyatına toxunur”.

C.Məmmədov qeyd edib ki, belə hadisələrin bir çox hallarda məqsədli edildiyinin şahidi olmuşuq:

“Dəfələrlə Fransada Məhəmməd peyğəmbərin karikaturasının çəkilməsi, Fransa prezidentinin bunu demokratiya ilə əlaqələndirməsi göstərir ki, bunlar məqsədli edilir. Dünya ölkələri, onların siyasətçiləri anlamalıdırlar ki, tarix boyu dünya dövlətləri arasında baş verən müharibələr bəşəriyyətə çox ciddi fəlakətlər gətirib. Bu gün biz maraqlı olmalıyıq ki, dünyada dinlər arasında normal münasibətlər, sülh və barışıq olsun.

Hesab edirəm ki, bütün dövlətlər bu məsələyə münasibət bildirməlidir. Tanınmış siyasi xadimlər, nüfuzlu ictimai şəxslər, dövlətlər bu əməlləri qətiyyətlə pisləməlidirlər. Qarşısını almaq üçün çağırışlar etməlidirlər”.

Ceyhun Məmmədov əlavə edib ki, dini zəmində münaqişə yaransa, bunun qarşısını heç kəs ala bilməz:

“Siyasətçilər də çalışmalıdırlar ki, belə təxribatlardan uzaq olsunlar. Və digər dinləri təhqir etməsinlər. Bunu edən insanlara sual vermək lazımdır ki, əgər eyni münasibət onların dinlərinə qarşı olsa, münasibətləri necə olar? Əlbəttə, xoşlarına gəlməz.

Ona görə də, çalışmalıdırlar ki, dini zəmində bölücü fəaliyyətdən uzaq olsunlar. Bu heç bir dövlətə, xalqa baş ucalığı gətirməyəcək. Təhqir həmin ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələri arasında münasibətlərin kəskinləşməsinə gətib çıxaracaq. Nəticə çox pis olacaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top