Leyla müəllimə şagirdlərin istirahəti üçün yeni məkan düzəltdirdi — VİDEO

GÜNDƏM 09 iyn 2022, 16:10
Lənkəranın Jidi kəndinin-ucqar dağ kəndinin uşaqlarına təhsillə yanaşı ürəkdolusu sevgi bəxş edən Leyla Qarazadə bu dəfə etdiyi möhtəşəm təşəbbüslə sosial şəbəkələrdə yenə məhəbbət və rəğbət atəşinə tutulub. O, sinif otağını öz əlləri və şagidlərinin köməyi ilə təmir edib, onlara arzusunda olduqları istirahəti yaşamaları üçün kiçik, lakin sevimli bir məkan ərsəyə gətirib. 

Bu işdə əməyi keçənlərlə birgə Leyla müəllimə qırmızı lenti kəsib, istirahət otağında birgə zaman keçiriblər. 

O, təəssüratlarını özəl olaraq Demokrat.az-la bölüşüb:

“Hər dəfə məni üzən səbəblərdən biri uşaqlar üçün əyləncə yerinin olmaması, kəndin şəhər mərkəzindən uzaq olması və uşaqların digər uşaqlardan geri qalması idi. Bizim məktəbdə otaq sayı az idi, hətta biz iki növbə dərsə gəlirdik. Bu, məni çox düşündürür və üzürdü. Nəhayət, yeni məktəbə köçəndən bir müddət sonra qərara aldım ki, bir otaq götürək və o otağı uşaqların əyləncəsi üçün düzəldək. Daha çox uşaqlarla birlikdə işləməyə üstünlük verdik. Hər dəfə dərsdən sonra uşaqlarla qalır, bacardığımız qədər otağı təmir edirdik. Hətta mən iki məktəbdə işləyirəm, iki iş arasında bir saatdan az vaxtım olur. Həmin vaxtı evə getmirdim, uşaqlarla qalıb bir saaatlıq da olsa iş görürdük”.

Leyla müəllimə dincəlmədiyini, iki məktəbdə işləməklə yanaşı otağın təmiri üçün zaman ayırdığını qeyd edir: 
 
“Lakin son nəticə, uşaqların təbəssümü bütün yorğunluğu unutdurdu. Açılışı da daha çox əziyyəti olan uşaqlarla etdik. Mənə bu işdə ötən ilki buraxılış sinfim kömək edib, indiki şagirdlərimə surpriz etmişik. Həmişə arzum olmuşdu ki, uşaqlarla burda təmtəraqlı bir məkan ərsəyə gətirək, birlikdə onun açılışını edək. Təntənəli olmasa da, sevgidolu bir məkanın açılışını etmək qismət oldu. Bu məkan bütün ehtiyacları ödəməsə də, sevgi sarıdan ehtiyacımızı tam ödəyir”.



Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top