FHN çimərliklərdə nöqsan və çatışmazlıqlar aşkarladı

SOSİAL 07 iyn 2022, 17:10
“Fövqəladə Hallar Nazirliyinin sahilboyu ərazilərdə apardığı monitorinqlər yekunlaşıb”.

Bunu “Report”a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət mayoru Aqşin Əlili deyib.

Bildirilib ki, monitorinqin nəticəsi olaraq, aidiyyəti icra hakimiyyətlərində işçi müşavirə keçirilib:

"Müşavirə zamanı aşkar olunan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə qurumlara tapşırıqlar verilib.

Bildiyiniz kimi, çimərlik mövsümü müvafiq icra hakimiyyəti başçısının sərəncamı ilə rəsmən açıq elan olunur. Bu sərəncam da bir sıra qurumlar üzərinə konkret olaraq tapşırıqlar, göstərişlər verilir. Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də çimərliklərdə insanların sularda təhlükəsizliyi məsələsinə cavabehdir. Bu baxımdan, biz aprel ayından etibarən bir sıra tədbirləri həyata keçirmişik və bu proseslər hələ də davam edir".

Onun sözlərinə görə, su altında təbii proseslər nəticəsində müxtəlif təhlükəli maneələr - yarğanalar, burulğanlar və s. bu kimi təhlükələr yaranır ki, bunlar da birbaşa insan həyatı üçün təhlükədir: "Bu təhlükələri vaxtında aşkar etmək üçün dalğıc sualtı baxışlarını həyata keçiririk.

Hazırda dənizə doğru üzmə sərhədlərini müəyyən edən nişanların quraşdırılması, çimərliklərdə istirahət edən vətəndaşların maarifləndirilməsi məqsədilə lövhələrin yerləşdirilməsi işlərinə başlanılıb. Monitorinqlərin keçirilməsində əsas məqsəd nəzarətsiz çimərliklər, təhlükəli ərazilər haqqında məlumat toplamaq, çimərlik üçün yararsız əraziləri müəyyən etməkdir".

"Bundan əlavə, biz nəzarət etdiyimiz çimərliklərdə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Bu Xilasetmə Dövlət Xidməti Bakı şəhəri və Abşeron rayonu ilə yanaşı ölkənin digər şəhər və rayonlarında da xidmət aparır. Biz nəzarət etdiyimiz bütün çimərliklərdə dağıclar vasitəsilə sualtı baxışlar keçirmişik və sualtı təmizləmə işləri aparmışıq. Sualtı baxışların keçirilməsində əsas məqsəd sualtında olan maneələrin öncədən müəyyən edilməsidir", - FHN rəsmisi vurğulayıb.

Qeyd edək ki, iyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top