“Sülhməramlılar Azərbaycan ordusundan çəkinirlər” — ŞƏRH

GÜNDƏM 06 iyn 2022, 12:24
“Rusiyanın 10 noyabr razılaşması ilə Qarabağ ərazisinə yerləşmiş sülhməramlı missiyasının deyilən kimi son günlər ermənilərlə bizim aramızdakı sərhəd ərazilərdə patrul xidmətini aktivləşdirməsində hər hansı ciddi səbəb axtarmağa ehtiyac yoxdur. Bu, əslində onların vəzifəsidir”.

Bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Demokrat.az-a açıqlamasında deyib. Politoloq vurğulayıb ki, bu gün rus ordusu imicini itirib:

“Rusiyanın Ukrayna müharibəsi ilə düşdüyü vəziyyət göz önündədir. Rus ordusu imic itirir, çıxılmaz vəziyyətə düşüb. Bu da onlarda qorxu yaradır ki, Rusiyanın bu vəziyyətindən istifadə edib Azərbaycan ordusu ciddi yerdəyişmə edər, çünki erməni tərəfi də buna şərait yaradır. Bizim mövqeləri atəşə tutur. Bu səbəbdən patrul xidmətini artırırlar. Azərbaycan üçün Rusiyanın ehtiyatlanıb nəzarətin güclənməsi istiqamətində addımlar atmasının özü müsbət haldır.



Əvvəla bu, Azərbaycanın şəraitə diktə etdiyi görüntüsü yaradır, eyni zamanda, rus və erməni tərəfinin narahat olduğunu göstərir. Deməli, onlar Azərbaycan ordusundan çəkinirlər ki, həqiqətən də bunda haqlıdırlar”.

A.Qasımov qeyd edib ki, bütün bunlara baxmayaraq Azərbaycan dövləti öz strateji addımlarını hansısa situativ vəziyyətə görə atmır:

“Qalib çıxacağı prosesdə hansısa tələsik addımlarla irəliləyiş etmək yox, daha geniş planda gələcəyə doğru addımlar atır. Rusiya ordusunun hal-hazırda yerləşdiyi ərazilər zatən Azərbaycan ərazisidir. Bu, prosesin bütün iştirakçı ölkələri tərəfindən qəbul edilib. Bu durumda rus ordusunun patrul xidmətinin artırılmasından güdülən hansısa gizli məqamlar Azərbaycan üçün nəyi dəyişə bilər ki?!”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top