Aqil Abbas əsəbiləşdi: “Fəzail Ağamalıya deyə bilmərəm ki, seçicinə qoyun bağışla”

GÜNDƏM 02 iyn 2022, 18:02
“Deputatlar imkanları çatdığı qədər seçicilərinə yardım edirlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Xatırladaq ki, deputat Fəzail Ağamalının aztəminatlı ailəyə göndərdiyi sovqat sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Deputat seçicisi olan Salyanın Həsənli kənd sakini, çoxuşaqlı, aztəminatlı Süleymanova Sevincin ailəsinə köməkçisi Xidmət Orucov vasitəsilə ərzaq payı göndərib. Sovqatda 2 kq şəkər, 2 kq düyü, 2 kq yağ göndərildiyi deyilir. İzləyicilər deputatın sovqatı ictimailəşdirməsini kəskin tənqid ediblər.

Aqil Abbas etdiyi yardımı mətbuata çıxarmağın xoş olmadığını deyib:

“İmkanı olan təqdirdə deputatlar ehtiyacı olan ailələrə yardım edirlər. Mən də yardım edən insanam. Amma bunu reklam edib, mətbuatda yazdırmıram. Fəzail Ağamalı imkanı daxilində yardım edib. Onu müzakirə etməyə ehtiyac yoxdur. Mən Fəzailə deyə bilmərəm ki, seçicinə qoyun bağışla".

A.Abbas kömək üçün ona çox sayda seçicinin müraciət etdiyini bildirib:

“Yardım etmək olar. Lakin onu mətbuata çıxartmaq xoş deyil. Birinci Qarabağ müharibəsi başlayandan atəşkəsə qədər cəbhə bölgəsində olmuşam. Bir dəfə də olsun şəkil çəkdirməmişəm ki, səngərdəyəm. Romanda da yazmışam ki, insanlar üç cür olur. Tank üstündə şəkil çəkdirənlər, müsahibə verənlər və döyüşənlər. Burada qeyri-adi heç nə yoxdur. Bəzən mənə başqa ərazilərdən də müraciətlər daxil olur. O demək deyil ki, haranın deputatıyamsa, ancaq ora baxmalıyam. Deputata hər yerdən müraciət edə bilərlər. Deputat da imkanı daxilində kömək edir. Burada qeyri-adi heçnə yoxdur”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top