Prezident Administrasiyasında Müasir Müsavat Partiyasının sədri ilə görüş keçirildi

SİYASƏT 01 iyn 2022, 21:35
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində iyunun 1-də Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə şöbə müdiri Prezident İlham Əliyev tərəfindən aparılan genişmiqyaslı islahatların dövlətçiliyin möhkəmlənməsi, əhalinin sosial rifahının yaxşılaşması, işğaldan azad edilmiş torpaqlarımızın bərpası ilə yanaşı, ölkədə baş verən siyasi prosesləri də əhatə etdiyini qeyd edib.

Bildirib ki, bu gün Azərbaycanda uğurla davam edən iqtidar-müxalifət dialoqu, yeni siyasi konfiqurasiyanın genişlənməsi, partiyaların fəaliyyəti üçün geniş imkanların yaradılması ölkə rəhbərliyi tərəfindən aparılan ardıcıl siyasi islahatların nəticəsidir. Siyasi partiyaların qurultaylarının keçirilməsi və nəticələrinin dövlət qeydiyyatına alınması, yeni siyasi partiyaların yaradılması və qeydiyyatı, dövlət tərəfindən siyasi partiyalara ofislərin verilməsi, dövlət media resurslarına çıxışlarının təmin edilməsi siyasi partiyalara dövlət qayğısının təzahürüdür. Öz növbəsində müxalif siyasi partiyalar onlara münasibətdə edilmiş bu addımlara adekvat cavab verməli, yüksək siyasi mədəniyyət və ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməli, dövlət və dövlətçiliyin qorunmasında əzmkar olmalı, davamlı inkişafın təmin edilməsində sağlam mövqe sərgiləməlidirlər. Çoxpartiyalı siyasi sistemin inkişafı üçün bütün sağlam siyasi qüvvələr öz töhfəsini verməli, partiyalarla hakimiyyət arasında və partiyalar arasında gündən-günə daha da dərinləşən siyasi dialoq mədəniyyəti bundan sonra da inkişaf etməlidir.

Hafiz Hacıyev siyasi dialoq prosesi çərçivəsində keçirilən görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən dövlətimizin güclənməsi, yeni siyasi konfiqurasiyanın inkişafı və iqtidar-müxalifət dialoqunun davam etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətini dəstəkləyir. O, müxalif siyasi partiyanın rəhbəri olaraq iqtidar-müxalifət dialoqunu yüksək qiymətləndirdiyini və Müasir Müsavat Partiyasının ölkəmizdə siyasi sistemin inkişafı naminə atılan bütün addımları gələcəkdə də dəstəkləyəcəyini qeyd edib.

Görüşdə, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, Azərbaycanın uğurlu xarici siyasəti və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi, ölkədə aparılan siyasi dialoq prosesinin müxtəlif formatlarda inkişaf etdirilməsi, müxalif siyasi partiyaların fəaliyyəti və başqa mövzular ətrafında fikir mübadiləsi aparılıb. 28 May - Müstəqillik Gününün yüksək səviyyədə keçirilməsi, Azərbaycan və Türkiyə prezidentlərinin Bakı şəhərində keçirilən texnologiyalar festivalında iştirakı yüksək dəyərləndirilib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top