“Gənə xəstəliyinin müalicəsi adı altında aparılan müalicələr xətalıdır” — HƏKİM RƏYİ

SOSİAL 30 may 2022, 17:23
“Bağırsaqlarda necə çoxlu sayda mikrob koloniyalar var, eləcə də üz dərisində demodex folliculorum dediyimiz gənə koloniyaları vardır”.

Bunu Demokrat.az-a açıqlamasında dermatovenreoloq, uzman həkim Mehdi İskəndərli deyib. Həkim qeyd edib ki, dərisində heç bir səpgisi olmayan insandə belə gənə vardır:

“Bağırsağın normal florasına daxil olan bakteriyaları tamamilə məhv etmək mümkünsüzdür. Dərinin normal florasına daxil olan gənəni də tamamilə təmizləmək mümkünsüzdür. Ümumiyyətlə, gənələr müxtəlif tipli xəstəliklərin yaranmasında iştirak edirlər. Bu xəstəliklər də gənələrin sayları dəfələrcə artır və dəri xəstəliklərini törədirlər. Demodex folliculorum mikroblarının sayını azaltmaq üçün gənə əleyhinə preparatlar istifadə etmək olar. Lakin sadəcə, gənə preparatları ilə dəri xəstəliklərini müalicə etmək mümkün deyildir. Gənənin də iştirak etdiyi dəri xəstəliklərinin müalicəsində başqa preparatlar da istifadə edilməlidir.



Dermatoloq əgər düzgün kompleks müalicələr təyin edərsə, xəstənin bütün şikayətləri aradan qalxaraq üz dərisi səpgilərdən azad olar. Fəqət dəridən götürülən gənə testi hər zaman müalicələrdən sonra belə müsbət çıxa bilər. Belə olan halda gənənin tam təmizlənməsi üçün əlavə müalicələrə gərək duyulmur. Cünki bu parazit heç bir zaman dəridən təmizlənə bilməz”. 

Həkim qeyd edib ki, gənə xəstəliyindən qurtulmaq adına aparılan bütün müalicələr əbəsdir:

“Üzdə yaranan sızanaq, çivzə, akne problemlərində isə gənə mikroblarının heç bir rolu yoxdur. Ölkəmizdə çox təəəssüf ki, gənə xəstəliyinin müalicəsi adı altında sızanaq və ya akne müalicələri aparılır ki, bu da xətalıdır və bihudədir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top