Şəmkirdə toydan gələn gənc arvadına xəsarət yetirdi

KRİMİNAL 27 may 2025, 20:04
Şəmkir rayonunda toydan sərxoş gələn kişi arvadına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Şəmkir rayonunun kəndlərindən birində baş verib. Rayon sakini, 2003-cü il təvəllüdlü Babək şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Lətafətə (adlar şərtidir – red.) xəsarət yetirib. 

İttihama görə, Babək və arvadı Lətafət arasında bir neçə dəfə ailə məişət mübahisəsi zəminində münaqişə olub. Məlum hadisə günü Babək arvadıyla birlikdə onun yaxın qohumlarının toy şənliyində iştirak ediblər.

Toy şənliyində Babək spirtli içki qəbul etdikdən sonra, arvadı ilə sözlə mübahisə edib və tərəflər yaşadıqları evlərinə gəliblər. Həmin gün gecə saat 03:00-da ailə-məişət mübahisəsi zəminində tərəflər arasında yenidən sözlə mübahisə baş verib. Lətafət yataq otağının qapısını bağladığı üçün Babək otağa daxil ola bilməyib və əsəbləşib.

Daha sonra Lətafət otağın qapısını açdıqda, Babək yumruq zərbələri ilə onun üz, baş və bədəninin müxtəlif nahiyyələrinə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Babəkin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Babək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisədən əvvəlki gün arvadı Lətafət ilə toy şənliyində iştirak edib: “Toy şənliyində spirtli içki qəbul etdikdən sonra birlikdə yaşadığımız evə gəldik. Evdə ailə-məişət problemlərinə görə aramızda sözlə mübahisə baş verdi. Mübahisə vaxtı Lətafət yataq otağına daxil oldu və qapını bağladı. Sonra mənim ünvanıma nalayiq ifadələr işlətdi. Lətafət qapını açdıqdan sonra isə əsəbləşdim və yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döydüm”. 

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ondan şikayətini geri götürüb. 

Hakim hökm qəbul edən zaman təqsirləndirilən şəxsin arvadıyla barışmasını nəzərə alıb. Ər-arvadının barışması nəticəsində ittihamedici hökm çıxarılmayıb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəllənin 73.2-ci maddəsi tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top