“Heyvanların başını, dilini, toyuq cəsədlərini, dərisini kolbasa və sosiskaya qatırlar”

SOSİAL 27 may 2022, 16:57
“Kolbasa və sosiska məhsulları bazarın ən çox çirklənmiş seqmentlərindən biridir. Çox təəssüflər olsun ki, bu bazarı sağlamlaşdırmaq üçün dəfələrlə Qida Təhlükəsizliyi Agentliyində məsələ qaldırmışam. Bildirmişəm ki, mütləq malların etiketində yazılmışlarla onların tərkibi araşdırılsın. Lakin buna hələ nail ola bilməmişik”. 

Bunu Demokrat.az-a açıqlamasında“Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov deyib. Ekspert qeyd edib ki, dəfələrlə bazarlarda keyfiyyətsiz, zərərli kolbasa və sosiska məhsullarının satıldığına şahid olublar:

“Düzdür, Qida Təhlükəsizliyi Agentliyi bu məsələni düzəltmək istəyir. Amma, agentliyin ciddi səhvlərindən biri kütləvi informasiya vasitələrində gedən məsələləri təqib etməməsidir. AQTA-nın sədr müavininə dedim ki, siz mətbuatda çıxan materialları izləmirsiniz. Ancaq, o, izlədiklərini bildirdi. Amma, çox təəssüf ki, hər gün dövlət orqanları tərəfindən nə bilim murdar, xəstəlikdən ölmüş heyvan ətini kəsildiyi aşkarlanır və bu kimi hallar tez-tez ifşa olunur. Şübhəsiz ki, ölmüş həmin at, eşşək ətlərindən kolbasa hazırlanan yerlərdə istifadə olunur. Təbii ki, bütün bunlar ciddi nəzarətə götürülməlidir. Azad İstehlakçılar Birliyi olaraq biz istehlakçıların ucuz, lakin keyfiyyətli mal almasının tərəfdarıyıq. Buna nail olmaq üçün gərək ciddi nəzarət olsun”. 



E.Hüseynov qeyd edib ki, təəssüflər olsun ki, bu gün ölkəmizdə mənşəyi məlum olmayan, ətdən başqa hər şey içərisində olan kolbasalar istehsal olunur:

“Onlar yaxşı qızardılır, bazara çıxarılır və istehlakçılar beləliklə aldadılır. Onu da qeyd edim ki, belə kolbasaların əksər hallarda üzərində etiket olmur. Düşünürəm ki, ciddi monitorinqlər getməlidir. Ölkəmizdə yerli, yaxşı standartlara uyğun olan kolbasa istehsalçıları da var. Azad İstehlakçılar Birliyi ABŞ İnkişaf Agentliyinin dəstəyi ilə hətta o kolbasa istehsalçıların birinə "qida təhlükəsizliyi" nişanı da verib, beynəlxalq qurumla bir yerdə. Lakin onlar artıq bu saxtakarların içərisində itib batıblar. Qanuni istehsalçılar da öz bazarlarını təmizləmək üçün heç bir iş aparmırlar. Hesab edirəm ki, onlar kütləvi informasiya vasitələri ilə yaxşı iş aparmalıdır”. 

Ekspert əlavə edib ki, ölkənin əmtəə bazarında təxminən 70 faiz xarici kolbasa və sosiskalardır:

“Yerli mallar üstünlük təşkil etdiyi, az kimyalaşdığı halda istehlakçılara səhv olaraq yaxşı görkəmə, dada, markalanmaya baxıb xaricilərə üstünlük verirlər. Bu da istehlakçıların ciddi səhvidir. Xaricdən gətirilən, xüsusən də Rusiyadan gətirilən kolbasalar heç də keyfiyyətli kolbasalar deyil. Baxmayaraq ki, onlar cəlbedicidir. Ona görə də, zəruri məsələrdən biri mütləq Qida Təhlükəsizliyi Agentliyi monitorinq aparıb, etiketində yazılanla, içərisinin doğru olub-olmamasını araşdırmaq lazımdır. Kolbasa istehsalçıları yaxşı hallarda heyvanların yemini, başını, dilini, toyuq cəsədlərini, toyuğun dərisini qarışdırırlar. Daha sonra soya, kartof nişastası, dadverici, qoxuverici və s. kimyalaşdırılmış ortaya bir şey çıxardılrar və adını kolbasa qoyurlar. Hətta, yerli düzgün kolbasa istehsalçıları da qalır arxa planda. Düşünürəm ki, Qida Təhlüsizliyi Agentliyi artıq bu məsələyə son qoymalıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top