Avropa İttifaqı 2035-ci ildən elektromobilə keçir, bəs Azərbaycan?

AVTO 27 may 2022, 12:50
Avropa İttifaqı 2035-ci ildən yalnız elektrikli avtomobilləri qeydiyyata almağı planlaşdırır. Bu təkliflərin həm Avropa Parlamentində, həm də Avropa İttifaqı Şurasında təsdiqlənməsi gözlənilir. Yəni 13 ildən sonra karbon qazı buraxan avtomobillərin istifadəsinə icazə verilməyəcək. Bu, ətraf mühitin qorunması üçün olduqca vacib addımdır. Artıq qonşu ölkələrdə, eləcə də Türkiyədə bununla bağlı qərarlar verilib. Ölkəmizdə isə elektromobillərə keçidlə bağlı hələ ki ciddi irəliləyiş yoxdur. 

Nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a bildirdi ki, bunun üçün ilk növbədə infrastruktur yaradılmalıdır:

“Yol hərəkəti təhlükəsizliyinə aid dövlət proqramı var. Həmin proqramdan irəli gələrək bir çox dövlət qurumlarının üzərinə vəzifələr qoyulub ki, bu istiqamətdə işlər görsünlər. Yəni elektromobillər üçün maddi texniki baza formalaşsın, usta yaradılsın, usta xidməti servis xidməti yəni peşəkar ustalar yetişdirilsin. Bunun üçün dövlət nəsə etməli deyil. Bunun üçün özəl şirkətlər özləri bunu etməlidirlər. Ekologiya və Təbii sərvətlər nazirliyi tərəfindən dövlət gömrük komitəsi tərəfindən, dövlət yol polisi tərəfindən eləcə də Azərbaycan Avtomobil Federasiyası tərəfindən müəyyən addımlar atılır. Amma bu yetərli deyil.”



Təəssüf ki, ölkəmizdə elektromobillərə çox da üstünlük verilmir. Çünki onlar üçün elektrik doldurma məntəqələri yox səviyyəsindədir. Avtomobillərin özü qədər servis xidməti isə bahadır. 

“30 min 50 min civarında belə maşınlar hazırlanıb ölkəyə gətirilsə mənə elə gəlir ki, alıcı kütləsi qazanacaq. Amma bu gün biz baxırıq ki, orta elektrik avtomobili 100 mini keçir. Nə vaxt ki burada artıq hər şey mükəmməl olacaq, necə ki bu gün hibrid avtomobillərin ustası var, servis xidməti var, detalı tapılır, eyni qaydada elektromobillər üçün də şərait yarananda artıq mənə elə gəlir ki, axın başlayacaq. Amma ilk növbədə müxtəlif ölkələrin təcrübəsinə baxılmalıdır. Hansı ölkələrdə daha ucuzdursa, o ölkələrdən gətirmək lazımdır.”

“Avropa Avtomobil Təchizatçıları Assosiasiyası”nın məlumatına görə, təəssüf ki, elektromobillərə keçid yarım milyona qədər insan iş yerini itirməsinə səbəb olacaq. Təbiət qorumaq üçün atılan bu addımı hər bir ölkənin atacağı real görünməsə də, elektrobillərə mərhələli şəkildə keçiləcəyi dəqiqdir. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top