Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər UCUZLAŞDI

AVTO 19 aprel 2025, 14:15
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Hesabat dövründə ölkəyə 22 936 ədəd avtomobil idxal olunub.

Bu, 2024-cü ilin ilk üç ayı ilə müqayisədə 3 365 ədəd və ya 17,2% çoxdur. 2024-cü ilin yanvar-mart aylarında isə 19 571 avtomobil gətirilmişdi.
 
Avtomobil idxalının dəyəri də artaraq 400 milyon 252 min dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 361 milyon 23 min dollar idi. Beləliklə, idxal dəyəri üzrə artım 39 milyon 228 min dollar və ya 10,9% olub.

Bununla belə, bir avtomobilin orta idxal dəyəri azalıb. Belə ki, 2024-cü ilin ilk üç ayında bir avtomobilin orta qiyməti 18 447 dollar olduğu halda, 2025-ci ildə bu göstərici 17 451 dollar olub. Bu da illik müqayisədə 996 dollar və ya 5,4% azalma deməkdir.

Avtomobillər ucuzlaşacaq?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyir ki, gətirilən avtomobillərin idxal dəyərinin azalmasının səbəbi rəqabət bolluğudur:

“Bu gün istənilən şəxs Avropadan və Asiyadan arzuladığı avtomobili internet üzərindən sifariş etdirib, gətirdə bilir. Eyni zamanda çox sayda fiziki və hüquqi şəxslər avtomobillərin çatdırılması ilə məşğul olur. Bütün bunlarsa rəqabəti gücləndirir. Güclü rəqabət isə qiymətlərə əsaslı təsir edir.

Əgər 7-8 ay əvvəl Çindən gətirilən yeni avtomobillərin bəzi seriyaları ölkəmizdə 28-30 min manata satılırdısa, bu gün həmin avtomobilləri 25-26 min manata almaq olur. Bu məsələdə elektromobillərə və hibrid avtomobillərə  gömrük rüsumlarında edilən güzəştlər də öz sözünü deyir”.

Müsahibimiz onu da qeyd edib ki, ölkəyə gətirilən avtomobillərin 90 faizi ucuzlaşıb:

“Çünki ənənəvi bazar rentabelliyini itirib. Bu gün elektromobillərlə daha qənaətcil avtomobillər arasında bir yarış gedir. Bu yarışı isə ikinci əl avtomobillər “kənardan izləyir”. Apardığımız müşahidələr göstərir ki, ikinci əl avtomobillərin “bazarı bağlanıb”. Bu avtomobillər artıq rentabelli deyil.

Xaricdən gətirilən və olduqca qənaətcil yeni avtomobillər ikinci əl avtomobilləri bazarda böyük ölçüdə sıxışdırır. Çünki gətirilən yeni avtomobillər həm qənaətcildir, həm də komforta sahibdir. Alıcılar da əsasən bu məsələlərə önəm verirlər. Ona görə də təkcə idxal olunan yox, həm də ölkədə istismarda olan avtomobillərin qiymətində eniş var. Bu da müsbət tendensiyadır. Bu gedişlə yaxın zamanda ölkəmizin avtomobil sənayesi tamamilə yenilənəcək. Bu da həm iqtisadi, həm də ekoloji baxımdan müsbət haldır”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top