“Müstəqillik günündə əfv olacaqmı?” — Komissiya üzvündən AÇIQLAMA

GÜNDƏM 24 may 2022, 13:29
"Ümidvarıq ki, yaxın zamanlarda əfv sərəncamı imzalanacaq”. 

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.Əfv komissiyasının üzvü qeyd edib ki, bu il 600-dən çox müraciətə baxılıb:

“Ümumiyyətlə, bu ilin aprelin 26-dan Əfv Komissiyasının iclasları öz işinə başladı və 6 iclasımız oldu. Bu iclaslar zamanı 600-dən artıq müraciətə baxıldı. Bu müraciətlər həm məhkunların özləri, həm onun nümayəndələri, həm də  vəkilləri tərəfindən ünvanlanmışdır. Eyni zamanda, məhkumlar barəsində həm də yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının, Ombudsman təsisatının, o cümlədən Milli Məclisin deputatlarının əfv olunma ilə bağlı  vəsatətləri var idi. Bütün ünvanlanan hər bir müraciətə diqqətlə baxıldı və onlarla bağlı müvafiq rəylər hazırlandı və Cənab Prezidentə təqdim olunacaq.



Bilirsiniz ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə əfv hüququ prezidentin müstəsna səlahiyyətidir və Cənab Prezident tərəfindən kimin əfv edilib-edilməməsi məsələsi ilə bağlı qərar veriləcəkdir. Amma bu əfv sərəncamının konkret olaraq  nə zaman olması, əfv sərəncamına kimlərin düşməsi ilə bağlı fikir söyləmək çətindir. Bunu biz yalnız əfv sərəncamı imzalanandan sonra biləcəyik. Əfv Komissiyasının əsas işi prezidentin əfv hüququnu həyata keçirməsini təşkilatı, texniki cəhətdən yardım etməkdir. Əfv Komissiyası bununla işini başa çatmışdır. Bundan sonra qəbul ediləcək bütün qərarlar Cənab Prezidentin konstitusion səlahiyyətləri çərçivəsinə daxildir”. 

“Eyni zamanda onu da qeyd edim ki, Əfv Komissiyası tərəfindən baxılan işlərlə bağlı qəbul edilmiş və tövsiyə xarakterli rəylər prezident tərəfindən qəbul da edilə bilər, edilməyə də. Yəni orada əlavələrdə edilə bilər, genişləndirilə də bilər, məhdudlaşdırıla da bilər, əfv sərəncamını imzalamaya da bilər.  Bütün bunlar Cənab Prezidentin səlahiyyətindədir. Ona görə də, biz konkret olaraq deyə bilmərik ki, nə qədər şəxs əfv olunacaq. Kimlərin əfv olunması ilə bağlı biz hər hansı məlumata malik deyilik və son qərar prezidentdir. Amma, 2003-cü ildən  bugünə qədər 35 əfv sərəncamı olmuşdur ki, 5 minə qədər şəxs prezidentin əfv sərəncamı daxil edilmişdir və cəzadan azad edilmişdir, yaxu da cəzası azaldılmışdır. Prezident hər zaman humanizm, şəfqət, mərhəmət prinsiplərini öz fəaliyyətinin əsas priotitetlərindən hesab edir. Buna uyğun olaraq da hər zaman qərarlarını vermiş və verməkdə də davam edir.  Ola bilsin ki, əfv sərəncamı bu müstəqillik günü ərəfəsində olacaq, ola bilsin daha sonra olsun, yaxud daa olmasın. Yəni, bu prezidentin müstəsna səlahiyyətidir. İnanırıq ki, yaxın zamanlarda hər kəs sevinəcək”- deyə komissiya üzvü fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top