Gəncədə yaşlı kişi evində tanışını taxta parçası ilə döydü — Təfərrüat

KRİMİNAL 24 may 2022, 10:10
Gəncə şəhərində 1957-ci il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində tanışı Arzuya xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il yanvarın 7-də baş verib. Faiq həmin gün saat 22 radələrində evində tanışı Arzu ilə yemək yeyib, spirtli içki qəbul edib. Sərxoş olduqdan sonra Arzu ondan doğum haqqında şəhadətnaməsini istəyib. 

Bu vaxt hər ikisi sərxoş olduqlarından aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Faiq Arzunu taxta parçası ilə döyüb. 

İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Arzunu xeyli müddətdir tanıyır: “Arzununun daimi yaşayış yeri olmadığından çox vaxt mənim evimdə gecələyib, təmizlik işləri aparıb. Yanvarın 7-də, saat təxminən 22 radələrində Arzu evimə gəldi. Mən tək yaşadığım üçün evdə başqa şəxs olmayıb. Arzu özü ilə çaxır gətirmişdi. Mən isə aptekdən içmək üçün spirt almışdım. Bir qədər keçəndən sonra aldığım spirti, Arzu isə çaxırı içdi. Biz bir az yemək yedik. Mən və Arzu sərxoş olduq. Arzunun sənədləri evimdə olduğundan öz doğum haqqında şəhadətnaməsini istədi. Mən də Arzuya sənədlərin yerini bilmədiyimi dedim. Arzu bu vaxt əsəbləşdi və məni bir neçə dəfə təhqir etdi. Aramızda qonaq otağında mübahisə yarandı. Evin həyətinə çıxdım, taxta parçası götürərək evə qayıtdım. Arzunun başından bir zərbə vurdum. Aruzunun başından qan gəldi. Arzu da əsəbləşdiyi üçün masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə kürəyimdən bir dəfə zərbə vurdu və həmin vaxt belimdən qan gəldi. Daha sonra Arzu küçəyə qaçdı, mən isə evdə qaldım”.

Faiq qeyd edib ki, təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları onun yaşadığı evə gəlib: “Polis əməkdaşları məndən nə baş verdiyini soruşdu. Polis əməkdaşlarına Arzu ilə mübahisə etdiyimi, Arzunu taxta parçası ilə vurduğumu, Arzunun isə məni bıçaqla kürəyimdən xəsarət yetirdiyini bildirdi. Həmin vaxt polis əməkdaşları bizi Nizami rayon Polis İdarəsinə, daha sonra isə tibbi yardım göstərilməsi üçün Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına apardılar. Orada mənə və Arzuya tibbi yardım göstərildi. Sonra bizi buraxdılar”. 

Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb. Bu səbəbdən Faiqin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top