Deputat: “ABŞ-Azərbaycan əlaqələri strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsindədir”

GÜNDƏM 21 may 2022, 14:08
“ABŞ Prezidenti Cozef Bayden cənab prezident İlham Əliyevə  Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlaması  Amerikanın Azərbaycanı, regionda əhəmiyyətli siyasi fiqurlardan biri kimi qiymətləndirməsindən xəbər verir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Millət vəkilinin sözlərinə görə, Prezident Bayden regional sülh məsələlərinin həlli istiqamətində dövlətimizin səylərini dəstəklədiyini ifadə edən məktubu bir daha beynəlxalq aləmin də Qafqazda davamlı sülhə maraqlı olduğunu göstərir:

“Artıq dünya ölkələri də bilir ki, regionun  firavan və dinc gələcəyi naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çağırışlar olunmalıdır. Məktubda qeyd olunan məsələlər dövlətimizin davamlı sülhün bərqərar olunması istiqamətində həyata keçirdiyi siyasi kursla səsləşir. Ağ ev məktubunda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasəti və islahatları dəstəklədiyini vurğulayıb. Demək olar ki, hazırda ABŞ-Azərbaycan əlaqələri  strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəlib, dostluq və tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycanla ABŞ arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur və  bu əməkdaşlığın daha da inkişaf etdirilməsi gözləniləndir. Tam əminliklə deyə bilərik ki, ABŞ Administrasiyası aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Cənubi Qafqaz - Xəzər dənizi regionunda Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan rəhbərliyi ilə həyata keçirilən bütün enerji layihələri enerji təhlükəsizliyini, enerji mənbələrinin şaxələndirilməsini və bütün iştirakçı tərəflərə fayda verilməsini təmin edir”.

“Bu gün nəinki ABŞ, hətta dünyanın əksər ölkələri  Azərbaycanı güclü, dinamik inkişaf edən, terrorizmə qarşı qlobal mübarizəyə qoşulan, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən ölkə kimi qiymətləndirir. Azərbaycan  daima  beynəlxalq antiterror əməliyyatlarında fəal iştirak edib. Hərbçilərimiz  müxtəlif ölkələrdə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm işlər görüblər. Dövlətimiz bu gün də dünyada sülhün və təhlükəsizliyin təmin  olunmasına yardımını əsirgəmir. Buna görə də,  ABŞ prezidentinin Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi və göndərdiyi humanitar yardımları yüksək qiymətləndirir.  Ümumiyyətlə, ABŞ prezidenti, dövlət başçısı İlham Əliyevin  qətiyyətli siyasi kursunu təqdir edir desək yanılmarıq”, -deyə deputat fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top