Şuşada tullantı yığımı ilə bağlı Azərbaycanda ilk sayılan texnologiya tətbiq olunacaq

İNFRASTRUKTUR 21 may 2022, 13:16
Azərbaycanda ilk dəfə Şuşada tullantı yığımı üçün yeraltı konteynerlər quraşdırılacaq.

Bunu “Report"a açıqlamasında “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.

O qeyd edib ki, “Təmiz şəhər” ASC Şuşa şəhərində tullantıların idarə edilməsi ilə məşğuldur:

“Bu, tullantıların toplanması, daşınması və utilizasiyasını əhatə edir. Biz Şuşada fəaliyyətimizi başlamışıq və orada ikinci işləmə də təşkil etmişik. Üzvi və qeyri-üzvi tullantılar ayrı-ayrılıqda yığılır və poliqonda basdırılır.

Gələcək planlarda isə Şuşa şəhərində tullantıların idarə olunmasının müasir formada qurulacağı gözlənilir. Bura yeraltı konteynerlərin qurulması aiddir. Bildiyiniz kimi, hələlik bu sistem Azərbaycanda tətbiq olunmayıb. Bundan başqa, sanitar poliqonun tikintisi nəzərdə tutulub. Həmçinin, ola bilsin ki, kiçik tullantı emal zavodunun tikintisi də həyata keçsin”.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 22 iyun 2021-ci ildə imzalanan Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.

Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması, milyonlarla insanın bu şəhəri görmək istəyi buranı gələcəkdə ölkəmizin əsas turizm mərkəzlərindən birinə çevirəcək. Bu isə öz növbəsində şəhərin ekoloji vəziyyətinin və tullantıların idarə olunması sisteminin müasir standarlara uyğun ən son texnoloji yenilikləri tətbiq etməklə qurulmasını zəruri edir. Şəhərin tarixi hissəsi sayılan mərkəzində tullantı konteynerlərinin ətraf mühitə təsirini azaltmağa xidmət edən SMART tipli yeraltı konteynerlər, kənar küçələrə dolma səviyyəsini göstərən sensorlarla təchiz edilmiş konteynerlər, eləcə də bütün küçə və parklarda kiçik tutumlu urnaların yerləşdirilməsi nəzərdə tutulur. Tullantıların idarə edilməsində istifadə olunacaq texnikaların da ətraf mühitə minimum təsir etməsi əsas meyarlardan biri kimi nəzərə alınacaq. Beynəlxalq ekoloji standartlara və texniki normalara cavab verən yeni sanitar poliqonun inşası, bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsinin səmərəli şəkildə və müasir standartlara uyğun qurulması, tullantıları təkrar emala cəlb etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması “Təmiz Şəhər” ASC-nin həyata keçirəcəyi fəaliyyətlər olacaq.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 iyn 2022, 20:18
Top