Əflatun Amaşov: “Əli Əsədovun imzaladığı bu qərar günümüzün tələbidir”

MEDİA 13 may 2022, 18:22
"Çap məhsulları üçün ölkəyə gətirilən kağızın 18 faizlik əlavə dəyər vergisindən azad edilməsi sevindiricidir. Bu, çap mediasının inkişafına əhəmiyyətli təsir göstərəcək. Eyni zamanda qəzet redaksiyalarının gəlirlərinin artmasına səbəb olacaqdır. Ona görə də deməliyəm ki, hörmətli baş nazirimiz Əli Əsədovun bu gün imzaladığı qərar günümüzün tələbidir".

Demokrat.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

"Onu da bildirmək istərdim ki, bu qərarın qəbulu mənim özüm, habelə Azərbaycan Mətbuat Şurası üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən etdiyim çıxışların demək olar, yarıdan çoxunda kütləvi informasiya məhsullarının, habelə kitabların, həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının 18 fazilik ƏDV-dən azad edilməsi məsələsini qaldırmışam. Bunu medianın maddi imkanları baxımından izah etmişəm. Mətbuat Şurası da mövcud istiqamətdə, o cümlədən qəzetlərin rentabelliyinin artırılması ilə əlaqədar ardıcıl iş aprıb. Müvafiq dövlət qurumları ilə təmaslar qurub. Necə deyərlər, gec olsun, güc olsun. 

Ümumən hesab edirəm ki, baş nazirin imzaladığı qərar bütövlükdə Azərbaycan dövlətinin mediaya, bütövlükdə yaradıclıq sahəsinə həssas münasibətinin növbəıti bariz göstəricisidir. İnanıram ki, KİV-ə yönələn belə nümunəvi stimullaşdırıcı addımların atılması gələcəkdə də davamını tapacaqdır. Çünki dövlətin media siyasəti sistemli xarakter daşıyır", deyə Əflatun Amaşov qeyd edib.

Malik
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top