Zəngilan rayonu yenidən qurulur və inkişaf edir — ŞƏRH

GÜNDƏM 11 may 2022, 17:49
“Prezident İlham Əliyev  Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi ilə bağlı çıxışında post-müharibə dövrünün bir sıra vacib məsələlərinə diqqəti cəlb etmişdir. Bu məsələlər sırasında xüsusilə Ermənistanın işğal dövründə Azərbaycanın ərazilərində törətdiyi vəhşilik, vandalizm hərəkətlərinə  bir daha diqqəti cəlb etmiş və bu xüsusda onların Zəngilan rayonunda da həyata keçirdikləri dağıntı və barbarlıq faktlarına diqqəti çəkmişdir”.

 Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Milli Məclisin üzvü xatırladıb ki, ermənilər işğal altında olan digər ərazilərmizdə də vandalizm hərəkətlərinə yol vermişlər:

 “Sirr deyil ki, işğal altında olduğu bütün ərazilərimizdə, o cümlədən Zəngilanda faktiki olaraq sağ bir bina qalmamışdır. Yalnız bir neçə bina qalmışdır ki onlar da ancaq erməni hərbiçilərinin yerləşdiyi binalar olmuşdur. Cənab Prezident də çıxışı zamanı vurğuladı ki, təkcə onlar tarixi və mədəni abidələrimiz məhv etməyiblər, həmçinin meşə zolağımıza da çox böyük zərbə endirmişlər. Demək olar ki, meşə zolağının 50-60 faizi erənilər tərəfindən məhv edilmişdir. Xüsusilə də, Zəngəzur Avropa məkanında çinar ağaclarının geniş yayıldığı ən böyük areal olaraq daha böyük itkilərə məruz qalmışdır. Bunu da Cənab Prezident çıxışı zamanı diqqətə çatdırdı. Bundan başqa, Prezident Bəsitçayda ermənilərin törətdiyi vəhşiliklərə də diqqət çəkdi. Onların Azərbaycan ərazilərdə həyata keçirdiyi həm mədəni, həm də ekoloji terror siyasətinə toxundu. Eyni zamanda, vurğuladı ki, bütün bu cinayətlərə görə Ermənistan cavab verməli olacaq”.



Deputat son illər Qarabağın inkişafı istiqamətində mühüm addımlar atılmaqdığına diqqət çəkib:

“Biz ermənilərin bütün dağıtdıqları məkanlarda foto və video çəkilişləri aparmışıq, dağıntının miqyası ilə bağlı qeydlər aparmışıq və bütün oradakı dağıntıları pasportlaşdırmışıq. Və gələcəkdə biz beynəlxalq məhkəmələrdə Ermənistana qarşı öz haqq səsimizi ucaldacağıq. Əlbəttə ki, Ermənistanın bu məsələlərlə bağlı təzminat ödənilməsini qabardacağıq. Eyni zamanda, Zəngilan ərazisindəki qızıl və digər yataqlardan həm ermənilərin, həm də ki onların xaricdəki havadarlarının, xaricdəki şirkətlərinin qanuna zidd hərəkətləri ilə bağlı məsələləri beynəlxalq məhkəmələrdə qaldıracağıq”. 

“Bu gün  Zəngilanda quruculuq işləri sürətlə gedir və artıq bu illəri Zəngilan Beynəlxalq Hava Limanı da işə salınacaq. Qeyd edim ki, Zəngəzur dəhlizinin mühüm hissəsi Zəngilan ərazisindən keçir və artıq bu istiqamətdə həm dəmir yolu xətləri, həm də avtomobil xətlərinin çəkilişi prosesi sürətlə getməkdədir. Təbii ki, bütün bu proseslər nəticəsində Zəngilan öz coğrafi və potensialına, xüsusilə də çox unikal vəziyyətinə görə beynəlxalq investisiya sırasında olan cəlbedici bir məkana çevriləcək”. 

Millət vəkili qeyd edib ki, Zəngilan rayonunun nəqliyyat və logistika mərkəzinə çevrilməsi ilə bağlı imkanlar çox  böyükdür:

“Bilirik ki, Zəngəzur dəhlizi ilə Naxçıvanın əsas hissəsi birləşdiriləcək. Bununla da, nəqliyyat yolunun üzərində mühüm məntəqə olaraq onun statusu daha da genişlənəcək. Təbii ki, Cənab Prezidentimizin də  vurğuladığı kimi, qarşımızda dayanan hədəfləri həyata keçirmək üçün siyasi iradəmiz, iqtisadi potensialımız, insan resuslarınmız, beynəlxalq əməkdaşlığımız, maliyyə resurslarımız var. Qeyd edim ki, ötən il Qarabağın bərpasına və inkişafına dair 2,2 milyard vəsait ayrılmışdı, bu il daha 2, 2 milyard manat vəsait ayrıldı. Bütün bu vəsaitlər Qarabağın bərpası işlərinə yönəlib və bu proses çox sürətlə davam etməkdədir.Bu da onu deməyə əsas verir ki, Qarabağ ərazisi yenidən qurulur və inkişaf edir".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top