“Təcavüzkar bir ölkənin Qafqazda sülh yaradacağı real görünməməklə yanaşı…” — ŞƏRH

GÜNDƏM 09 may 2022, 11:32
“Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Denis Qonçar aprel ayının sonlarında Cənubi Qafqaza dair “3+3” əməkdaşlıq platformasının ikinci iclasına hazırlıq işləri görüldüyünü bildirməklə Rusiyanın bu formata marağının itmədiyi qənaətini ortaya qoydu. Eyni zamanda Gürcüstanın yenidən “3+3” formatına marağının yarandığını açıqladı. Rusiya həqiqətən də Qafqazda davamlı sülhün tərəfdarıdırsa, region ölkələrinin birgə səylərini yüksək qiymətləndirmək olar”.

Bunu Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Partiya təmsilçisi qeyd edib ki, lakin reallıq odur ki, 2021-ci ilin dekabrında əldə olunmuş razılaşmalara baxmayaraq bu istiqamətdə hələ də irəliləyiş yoxdur:

“Altılıq” formatının yenidən gündəmə gətirilməsində maraqlı məqam Gürcüstanın mövqeyini yenidən dəyişməsi oldu. İlkin razılaşmalarda Gürcüstan “3+3” formatında iştirakına razılıq versə də bir müddət sonra Tbilisinin demonstrativ şəkildə imtinası baş verdi. Gürcüstan öz davranışına görə, konkret səbəb göstərmədi.



Gürcüstan hakimiyyəti qismən rusyönlü olsa da, görünür, Moskva və Ankaraya tam güvənmir. Gürcüstan hakimiyyəti Rusiyanın maraqlarının xeyli hissəsini təmin etsə də Qafqaz ölkələri arasında daha çox Rusiya işğalına məruz qalan ölkədir. Lakin Gürcüstanın Avropa İttifaqına və NATO-ya inteqrasiya istəyi Rusiyaya bağlılıqdan daha çoxdur. Ötən ilin ortalarında İrakli Qaribaşvilinin qəfil İrəvana səfəri Baş nazir Nikol Paşinyanı da bu formatdan çəkindirmək üçün idi. O zaman Ermənistan və Gürcüstan “3+3” formatına əlavə olaraq Avropa İttifaqı və ABŞ-ın qoşulmasını dilə gətirmişdilər”. 

V.Əfəndiyev qeyd eedib ki, bütün dünyanın Rusiyanı aqressiyasına görə təklədiyi bir zamanda Moskvanın regionda öz əli ilə yaratdığı problemin “həllini” gündəmə gətirməsi xoş niyyətdən qaynaqlanmır: 

“Rusiyanın “canfəşanlığı” Avropa İttifaqının aktivliyi və Azərbaycan-Ermənistan prezidentlərinin Brüssel görüşlərinin nəticələrindən öz maraqları çərçivəsində narahat olmasından irəli gəlir. Digər reallıq isə Rusiyanın Ukraynada biabırçı məğlubiyyətə doğru getməsidir. Almaniyada Ramştayn hərbi bazasında dünyanın taleyini həll edə biləcək ölkələrin nümayəndələri toplaşaraq Rusiyanın gələcəyi ilə bağlı qərar verdilər. İndiyə qədər tarixdə bu sayda və maştabda toplantı olmamışdı. Bu qərarın ilk mərhələsi Ukraynanın müharibədən qalib çıxmasıdır. Bu baş verərsə növbəti addımı izah etməyə lüzum qalmayacaq. Təcavüzkar bir ölkənin Qafqazda sülh yaradacağı real görünməməklə yanaşı niyyətlərinin də xoş olmadığı gün kimi aydındır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top