Təhsil eksperti: “Siniflər beynəlxalq səviyyədə qəbul olunan kurikulumlara uyğunlaşdırılıb”

GÜNDƏM 06 may 2022, 12:21
Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları təsdiqlənib. 

Bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Sənədə əsasən, “Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün fənn kurikulumları” təsdiq edilib.

Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin əlavəsi ilə birlikdə Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etməlidir. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Təhsil üzrə ekspert Elçin Süleymanov Demokrat.az-a fənn kurikulumlarının təhsil inkişafına müsbət təsirindən danışdı.
 


“Təmayüllü sinifdə təlim, xüsusilə 10 və 11-ci siniflərdə, təhsili fərqləndirmək, yəni differensasiya vasitəsidir ki, burda şagirdlərin qabiliyyətinə və həvəsinə görə fənn istiqaməti seçilir. O seçdikləri istiqamətdə də tədrisin məzmunu bir az daha dərindən öyrədilir. Dolayısı ilə, təmayüllü siniflərin kurikulumu normal siniflərdən bir az fərqli olmalıdır. Bununla bağlı, 2017-ci ildən təhsil nazirliyi qərara almışdı ki, təmayül siniflərdə əsas fənlər- dil, tarix, coğrafiyanın fənn kurikulumu hazırlansın və daha əvvəl hazırlanmış kurikulumlardan fərqli olsun. Məsələn, bir şagird 10-cu, 11-ci siniflərdə kimya, riyaziyyat təmayüllü sinifə keçirsə, deməli, dəqiq elmləri daha yaxşı mənimsəmək istəyir.”

Ekspert Elçin Süleymanov bu kurikulumun üstünlüklərindən danışıb:

“Azərbaycan dili, Azərbaycan tarixi, Biologiya, Coğrafiya, Ədəbiyyat, Fizika, Kimya, Riyaziyyat kimi fənlərin kurikulumunda həm o dərsin təmayül siniflərindəki təliminin xüsusiyyəti bəhs olunur, həm təlimin nəticələri, məzmun xətləri, məzmun standartları əks olunur, eyni zamanda, beynəlxalq səviyyədə qəbul olunan kurikulumlara uyğunlaşdırılıb. Bu kurikulum sistemi həm də şagirdlərin şifahi və yazılı nitq qabiliyyətinin inkişafına yönəlib. Çox əhəmiyyətli fənlərdi və bu fənlərin təmayül siniflərinə uyğun bir az daha dərinləşmiş şəkildə kurikulum hazırlanması təhsilin inkişafına kömək edən faktlardır.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top