Tofiq Zülfüqarov: “Cəmiyyətdə fikir var ki, guya Paşinyanın qalması bizim üçün xeyirlidir”

GÜNDƏM 05 may 2022, 16:31
Xəbər verdiyimiz kimi, bir neçə gündür ki, İrəvanın mərkəzində Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Maraqlıdır, Ermənistandakı proseslər nəyi dəyişəcək? Müxalifət Nikol Paşinyanı devirə biləcəkmi?

Sabiq xarici işlər nazir Tofiq Zülfüqarov Demokrat.az-ın suallarını cavablandırıb. Sabiq xarici işlər naziri Ermənistanda baş verən hazırki prosesləri o qədər də ciddi hesab etmədiyini vurğulayıb:

“Əslinə qalsa ictimaiyyətdə geniş yayılan bir fikir var. Guya ki, Paşinyanın qalması bizim üçün xeyirlidir və hər bir məsələ onunla bağlıdır və s. Mən hesab edirəm ki, burada bir səhvimiz var. Nəyə görə? Çünki iki il ərzində baş verən dəyişiliklər heç də Paşinyanın olub-olmaması səbəbindən deyil. Yəni, Paşinyanı götürsək, o, Ermənistan üçün nəyi bacardı, etdi. Söhbət burada tamam ayrı şeydən gedir. Yəni, artıq hər şey güc balansından asılıdır və geoploitik vəziyyət dəyişib”. 

“Hazırda Türkiyənin bölgədə güclənməsi prosesi, Rusiyanın isə zəifləməsi prosesi gedir və s. Həm bunun, həm də Azərbaycanın güclənməsi nəticəsində dəyişiliklər əldə olunub. Yəni, bu baxımdan Paşinyanın qalıb-qalmaması o qədər əhəmiyyət kəsb edən məsələ deyil. Bu, birinci məsələ. İkincisi isə belə deyək ki, ən doğrusu burada Ermənistan elitasının daima istifadə olunan oyunlarını görürəm. İlk növbədə onlar görüntü yaratmaq istəyirlər ki, guya ki, hansısa beynəlxalq qanunlara uyğun olan vəziyyətə yaxınlaşması Ermənistan üçün faciədir, yəni ictimaiyyət onu qəbul etməyəcək”.

T.Zülfüqarov əlavə edib ki, Ermənistanın bu görüntünü yaratmasını biz müharibədən qabaq da, müharibə vaxtı da və müharibədən sonra da görmüşük: “Ermənistan məğlub olandan sonra heç bir problemsiz Paşinyanı yenidən baş nazir seçdiklərini gördük. İnsanlar ona səs verdilər. Hesab edirəm ki, belə radikal görüntü yaratmaq üçün bəzi oyunçular Ermənistanda elitada maraqlıdırlar. Ona görə də, bu prosesləri o qədər ciddi qəbul eləmirəm”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top