“İğtişaşlar Ermənistanın yuvarlandığı uçurumu daha da dərinləşdirəcək” — ŞƏRH

GÜNDƏM 05 may 2022, 16:10
“Ermənistanda baş verən kütləvi iğtişaşlar bu dövlətin düçar olduğu vəziyyətin növbəti nümayişidir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Züriyə Qarayeva Ermənistandakı iğtişaşları şərh edərkən deyib. Politoloq qeyd edib ki, öz siyasi mövqeyi olmayan, daim xarici qüvvələr üçün platsdarm rolunu oynayan, maşa aləti kimi istifadə edilən bir dövlətdə bu cür kəskin siyasi qütbləşmələrin baş verməsi, maraq toqquşması çox normaldır:

“Sirr deyil ki, “Hayastan” bloku və “Şərəfim var” fraksiyasının başçılıq etdiyi kütləvi iğtişaşlara keçmiş “Qarabağ klanı” təşkilatçılıq edir. Proseslərin qızışmasında səbəb prezident İlham Əliyevin çıxışlarında prinsipial şəkildə mövqe nümayiş etdirməsi, qarşı tərəfin bu mövqeyi və irəli sürülən sülh gündəliyini qəbul etməsidir.



Lakin avantürist qüvvələrin nəyəsə nail olacağını düşünmürəm. Əvvəla ona görə ki, 44 günlük müharibədən sonra bu qüvvələr eyni iğtişaşları törətmişdi. Nəticə o oldu ki, Paşinyan seçkilərdə 54 faiz səs topladı. Hələ məğlubiyyətin acısını xalqın yenicə yaşadığı vaxtda bu qələbə təmin olunmadısa, indi də olmayacaq”. 

Z.Qarayeva əlavə edib ki, bu, həm də onu göstərir ki, erməni cəmiyyəti də həqiqətləri anlamağa məcbur olub, dövlətlərinin sülhdən başqa yolu olmadığını görə bilir: “Qeyd edim ki, artıq erməni də lobbisi öz təsir gücünü itirib. Bunu biz Fransadakı seçkilərdə sağçı qanadın təmsilçilərinin səs toplaya bilməməsində də gördük. Üçüncü tərəfdən onlara havadarlıq edən güclər artıq Azərbaycanın diktə etdiyi reallıqları qəbul etməyə məcbur edilib. Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşdə qəbul olunan sülh gündəliyinin məzmunu da bunu deməyə əsas verir. Bir sözlə, iğtişaşlar Ermənistanın yuvarlandığı uçurumu dərinləşdirəcək, hakimiyyət isə məcburən uçurumdan çıxmaq üçün Azərbaycanın diktə etdiyi şərtləri qəbul edəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top