Rasim Balayev: “Həmişə mən deyirdim ki, Fuad bunu necə çatdırırsan?”

İNCƏSƏNƏT 05 may 2022, 13:29
Bu gün xalq artisti, sevilən teatr və kino aktyoru, Fuad Poladovun anım günüdür. Görkəmli sənətkar səhnəmizdə lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl ifaçılarından biri olub. Peşəkar aktyoru bizə bir çox teatr və kino obrazları sevdirib. O, səhnəmizin Şah Qacarı, Hamleti, Şahbaz bəyi idi. Film və teatr həyatına hələ erkən yaşlarında başlayan sənətkar kinoya 1966-cı ildə “İstintaq davam edir” filmindəki Səlim obrazı ilə gəlib. Tələbə ikən teatrda “Məhv olmuş gündəliklər” tamaşasında Savalan obrazını ifa etməsi isə 1969-cu ildə onu Akademik Milli Dram Teatrının səhnəsinə gətirib. 

Sənətkarın anım günündə onu sənət yoldaşı, Rasim Balayev mərhum aktyor barədə təəssüratlarını Demokrat.az-la bölüşüb:

“Fuadı mən lap gənclik illərindən tanıyıram, hətta yadımdadır ki, bir filmə yoxlanıldıq, “İstintaq davam edir”-ə mən də onun oynadığı rola yoxlanıldım, sonra Fuad təsdiq olundu. Sonra belə oldu ki, Fuad teatrda çalışmağa başladı, düzdü, əvvəllər onu çox təəssüf ki, az çəkdilər, yollarımız ayrıldı, o teatrda, mən kinoda. Axır illərdə bir neçə filmdə çəkildik, lap yaxınlaşdıq”.

R.Balayevin həmkarının ciddiyyətini itirmədiyini öz işinə də bu həssaslıqla yanaşdığını bildirib: 

“Fuad zəhmətkeş aktyor idi, öz üzərində çalışırdı. Həmişə mən deyirdim ki, Fuad bunu necə çatdırırsan? Həm Rus Dram Teatrında, həm Milli Dram Teatrında çalışırdı, sonra film və televiziya tamaşalarında. Ciddi adam idi, həyatda, öz işinə də ciddi yanaşırdı. Təsadüfi deyil ki, teatr aləmində də, kinoda da tamaşaçı məhəbbəti qazanmışdı. Bir təsəlli var ki, onunla tərəf müqabili olan adamlar, onunla ünsiyyətdə olan adamlar həmişə minnətdarlıq hissi ilə yad edirlər. Nə yaxşı ki, kinoda, teatrda, televiziyada Fuad Poladov kimi qüdrətli aktyor var və özü həyatda olmasa da onun oynadığı rollar uzun müddət tamaşaçılara xidmət edəcək”.

Tamaşaçı sizi hər zaman ciddi və xarakterik obrazların ifaçısı kimi xatırlayacaq, əziz Fuad Poladov! Və sözsüz ki, alqışlayacaq.. Elə  son tamaşanızda olduğu kimi..
 
Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top