“Cəmiyyət özünə gəlməlidir, xüsusən də qadınlar” — Sosioloqdan QALMAQALLI AÇIQLAMA

GÜNDƏM 05 may 2022, 10:32
Son dövrlərdə mediada ən çox yer alan xəbərlərdən biri də qadın qətlləri ilə bağlıdır. Media qurumlarının kriminal bölmələrində yer alan hər 5 xəbərdən 1-i, ya da 2-i demək olar ki, məhz qadın qətlləri, yaxud da buna cəhd haqdadır. Bu kimi halların bir qismi keçmiş həyat yoldaşları, bir qismi də elə nikahda olduqları, yaxud da qadınların birgə yaşadıqları şəxslər tərəfindən törədilir. Kişilər boşandıqları qadınları niyə öldürürlər? Burada hansı psixoloji məqamlar var? Azərbaycanda məişət zorakılığı hallarının kökündə hansı faktorlar dayanır?

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı Demokrat.az-a açıqlamasında bildirib ki, adətən belə hallar qadının pozğun həyat tərzi sürməsinə görə olur. Ekspert qeyd edib ki, burada dərin mental psixologiyanın da təsiri var:

“Kişi hər hansı bir səbəbdən həyat yoldaşından ayrılsa da, onun üstündə öz adının olduğunu hiss edir. Çünki açıq desək, o qadın hardasa pozğunluq edəndə o kişini aşağılayırlar ki, keçmiş arvadın pozğunluq edir, yəni ona demək istəyirlər ki, sənin həyat yoldaşın olanda da belə imiş, sadəcə sən bilməmisən, çünki canında var imiş deyə bu yola getdi. Bu səbəbdən o kişi özünü ağır təhqir olunmuş hesab edir.



Bu, həmin kişinin ömrü boyu dişi dırnağı ilə qazandığı şərəfi, layaqəti, namusu yerlə bir etməkdir. Buna dözmək Azərbaycan kişisi üçün mümkün deyil. Bir dəfə deyir belə etmə, 2 dəfə deyir etmə, axırda öz adını, namusunu təmizləmək üçün bu yola əl atır. Bundan başqa, axı o kişinin övladları da qadınla qalır və kişi öz övladlarının anasının fahişə olmasının uşaqlarının psixologiyasına və əxlaqına dağıdıcı təsir etdiyini anlayır. Belə hesab edir ki, onun oğlunu “fahişənin oğlu” deyə çağıracaqlar və bu da həm oğluna, həm də dolayı yola ona yaxılmış namus çirkabıdır. Əlbəttə, bəzi hallarda başqa səbəblərin də rolu var, məsələn psixi problemdən, mal-mülk üstündə və s. lakin ən çoxu dediyim səbəblərdəndir”.

Elçin Bayramlı əlavə edib ki, burada günahı təkcə kişinin üstünə yıxmaq ədalətsizlik olardı:

“Çünki qadının, ananın da bir məsuliyyəti, ləyaqəti olmalıdır, o öz övladlarının cəmiyyətin gözündə rəzil bir məxluq kimi formalaşmasına, onlara mənəvi-psixoloji travmalar vururaq onların həyatını məhv etməyə razı olmamalıdır. Əlbəttə, bunlar qətlə haqq qazandıra bilməz. Lakin özümüzü aldatmamalıyıq, kimsə bunları açıq deməlidir. Səbəblər bunlardır. Və bunu hamı nəzərə almalıdır. Biz müsəlman cəmiyyətiyik, şərq xalqıyıq, öz milli-mənəvi dəyərlərimiz var və bu nəzərə alınmalıdır. Alınmayanda da belə hallar çoxalır. Heç bir qanun, heç bir cəza bunun qarşısını ala bilməz. Cəmiyyət özünə gəlməlidir, xüsusən də qadınlar, biz avropalı deyilik, heç vaxt da olmayacağıq, bu qərbə inteqrasiyanı dayandırıb özümüzə dönməliyik. Milli-mənəvi dəyərlərimiz hər şeydən üstün tutulmalıdır. Evlənəndə də, boşananda da bu dəyərlər nəzərə alınmalıdır. Dəyərlərimizə tüpürməyin çox acı nəticələrini, faciələrini bu gün yaşayırıq və görünən odur ki, müasirlik adı altında çıxarılan əxlaqsızlıqlara son qoyulmasa hələ çox yaşayacağıq. Nə qədər ki mediamız, tv-lərimiz müasirlik adı altında əxlaqsızlığı təbliğ edir, belə xəbərləri hələ çox eşidəcəyik”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top