Xırdalanda kişidən keçmiş arvadına qarşı cinayət — Təfərrüat

KRİMİNAL 05 may 2022, 10:18
Abşeron rayonunda 1982-ci il təvəllüdlü Xəyal keçmiş arvadı Nərminə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 25-də, saat 22 radələrində baş verib. 

Xəyal barışıq təklifini rədd etdiyinə görə аrаlаrındа yaranmış mübahisə zamanı keçmiş arvadı Nərminin sifət və qulaq nahiyəsindən vuraraq, ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Xəyalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəyal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nərmin onun keçmiş arvadıdır: “Biz 2016-cı ildə ailə həyatı qurmuşuq. Bu nigahdan 1 övladımız var. Ailədaxili münasibətlərimiz həmişə yaxşı olub. Lakin Nərminin valideynləri bizim ailə işimizə müdaxilə ediblər. Bu səbəbdən 2021-ci ilin iyun ayında Binəqədi rayon Məhkəməsinin qətnaməsinə əsasən rəsmi şəkildə boşandıq. Boşandıqdan sonra Nərmin Xırdalan şəhərində yaşamağa başladı. Mən də övladımı görmək üçün bir neçə dəfə Nərminin yaşadığı evə gedib-gəlmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə yanvarın 25-də, saat 15 radələrində Nərmini iş yerindən götürüb və yaşadığı evə gətirib: “Övladım evdə olmadığı üçün oradan getdim. Saat 20 radələrində yenidən Nərminin yaşadığı evə gəldim. Evdə olan zaman Nərminə barışmağımızı larını təklif etdim. Nərmin isə alimenti ödəmədiyimi əsas gətirərək barışıq təklifimdən imtina etdi. Nərminə burda olmadığı üçün alimenti ödəyə bilmədiyimi, növbəti gün ödəyəcəyimi dedim. Nərmin həmçinin hər ay 300 manat ödəməsəm, övladımı mənimlə görüşdürməyəcəyini dedi. Mən isə alimentin məhkəmə qərarına əsasən 175 manat olduğunu və həmin məbləği də ödədiyimi bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək şillə ilə bir dəfə Nərminin qulaq nahiyəsindən zərbə vurdum. Daha sonra isə oradan getdim. Sonradan Nərminin barəmdə şikayət etməsindən məlumatım oldu”.

Xəyalın ifadəsinə görə, həmin gün saat 22 radələrində Nərminin Xırdalan şəhərində yerləşən yaşadığı evə yenidən gəlib və evin içərisində mübahisə zamanı onu şillə ilə bir dəfə zərbə vurub. Qeyd edib ki, aralarındakı mübahisə təxminən 5 dəqiqə davam edib. O, əlavə edib ki, Nərminlə barışıb, əməlindən peşmançılıq çəkir.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması, zərərçəkmişin ondan şikayətçi olmadığını nəzərə alıb. 

Bu səbəbdən Xəyalın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top