“Heydər Əliyev Fondunun təhsildəki layihələri dövlətin inkişafına böyük töhfədir” — Deputat

GÜNDƏM 03 may 2022, 13:29
“Azərbaycan dövlətinin ən prioritet sahələrindən biri də təhsil müəssisələrinin yenidən qurulması və bərpasıdır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. 

Deputat vurğulayıb ki, bugünə kimi ümumillikdə 3 mindən artıq yeni məktəb binaları tikilib istifadəyə verilmiş və əsaslı təmir olunmuşdur: “Artıq ölkəmizdə az sayda məktəblər qalmaqdadır ki, onların yenidən qurulmasına, bərpasına əsaslı təmirinə ehtiyac qalmaqdadır. Bu da Azərbaycan dövlətinin təhsilə olan diqqətinin, qayğısının bariz nümunəsidir. Eyni zamanda, bu sahədə ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən çox böyük işlər görülmüşdür və bu gün də bir çox layihələr təhsil sahəsində uğurla davam etməkdədir. “Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi sayəsində bir çox məktəblərdə əsaslı təmir, tikinti işləri görülmüşdür.



Qeyd edim ki, uşaq bağçalarının təmiri, yenidən qurulması, internat məktəblərinin əsaslı təmiri və yaxud yenisinin tikilməsi, bir sözlə, bu sahədə təhsil ocaqlarının tikintisi, müasir informasiya texnologiyaları ilə təminatının daha da genişləndirilməsi istiqamətində Heydər Əliyev Fondu tərəfindən çox böyük layihələr həyata keçirilir və keçirilməkdədir. Bu günlərdə Bakının Sabunçu rayonunun 304 saylı tam orta məktəbinin 960 şagird yerlik məktəbin yenidən qurulmasından sonra Prezident Cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə bu məktəbdə olmuşlar və yeni məktəblə tanış olmuşlar. Əlbəttə ki, bu bir daha onu göstərir ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanda təhsilin inkişafında şagirdlərimizin, yeniyetmələrimizin, gənclərimizin daha yaxşı müasir ocaqlarında təhsil almasına, bununla da öz biliklərini, savadlarını daha da  yaxşılaşdırılması istiqamətində mühüm addımların tərkib hissəsidir”.

Millət vəkili qeyd edib ki, bu da gələcəkdə ölkəmizin inkişafı və tərəqqisinə xidmət edəcək savadlı, təhsilli, savadlı kadrların yetişməsi istiqamətində əlbəttə ki, çox vacib məqamlardandır:
“Bir sözlə, Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi böyük, nəhəng layihələr Azərbaycanın gələcək inkişafına çox böyük töhfə verir”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top