Belçikalı türklər 250-dən çox ailəyə Ramazan payı göndərdi — FOTO

SİYASƏT 01 may 2022, 15:31
Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları Avropa məkanında Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində müxtəlif layihələr həyata keçirib. Belçikada Azərbaycanın milli maraqlarının qorunmasında, Azərbaycan həqiqətlərinin tanıdılmasında sistemli iş aparan Azərbaycan-Belçika Dostluq Cəmiyyəti və Belçika Gent Türk Ocağı həm də bir neçə ildir ki, Azərbaycanda sosial layihələr həyata keçirir, qazi və şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə öz dəstəklərini göstərirlər. 

Ötən il olduğu kimi, bu il də Ramazan ayı boyunca Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk ocağının fəxri sədri, Türk millətçisi Rəcəp Tuncər Sarının təşəbbüsü ilə Azərbaycanda həssas qruplara, aztəminatlı ailələrə ümumilikdə 250-dən çox ərzaq yardımı paketi və maddi yardım göstərilib.
 
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib ki, ərzaq paketlərindən ibarət olan yardım bir ay boyunca demək olar ki, Azərbaycanın əksər bölgələrindən olan aztəminatlı ailələrə çatdırılıb: “Biz Gent Türk Ocağı ilə birlikdə bu cür sosial layihələri bundan sonra da davam etdirməyi qarşımıza məqsəd qoymuşuq. Əsas məqsədimiz soydaşlarımızın yanında olduğumuzu bildirmək, onlara sözün həqiqi mənasında dəstək olmaqdır. Bir neçə ildir ki, Ramazan bayramında, Qurban bayramında, Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə, eləcə də pandemiya dövründə biz Azərbaycandakı soydaşlarımızın yanında olmağı özümüzün müqəddəs vəzifəsi hesab etmişik. Gələcəkdə də belə layihələrin həyata keçirilməsi davam edəcəkdir”.
 
Qeyd edək ki, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk ocağının fəxri sədri Rəcəp Tuncər Sarının təşəbbüsü ilə ölkəmizdə bu cür layihələr davamlı olaraq həyata keçirilməkdədir. Belə ki, ötən iki il ərzində Qurban bayramı ərəfəsində 200-dən çox qurban kəsilərək, aztəminatlı ailələrə paylanmışdı. Eyni zamanda Belçikalı Türklər adından 220-dən çox aztəminatlı ailələrin uşaqlarına məktəbli geyimləri, ayaqqabılar hədiyyə olunmuşdur. Pandemiya dövründə belə aztəminatlı ailələri diqqətdə saxlayan Belçikalı Türklər yüzlərlə aztəminatlı ailəyə ərzaq yardımı da etmişlər. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top