“Şəhid olsam, gülümsə, Anne”...

GÜNDƏM 30 apr 2022, 08:30
Hələ qarşıda nələr olacağından, onu nələr gözləyəcəyindən xəbərsiz idi. Və nədənsə toy şənliklərində bir neçə dəfə təsadüfdənmi, yoxsa bilərkdənmi Əməkdar artist Baloğlan Əşrəfovun “Qızıl gülümün rəngi niyə saraldı?” misraları ilə başlayan mahnının sədaları altında oynamışdı. (Sosial şəbəkədə var). Özü də ürəkdən. Niyə məhz bu mahnını? Bəlkə öncə görməsi varmış Bəhruzun? Bəlkə nə vaxtsa şəhidlik məqamına ucalmağa hazırlıq görürmüş? Axı, o da Mübariz İbrahimov kimi qəhrəman olmaq istəyirdi. 

Mağarda isə mahnı sədaları eşidilir, Bəhruz isə asta-asta qol götürüb oynayır. Sanki öz taleyini oynayırmiş kimi.
 
Qızıl gülümün rəngi niyə saraldı,
Cavan arzularım ürəyimdə qaldı.
Ağlayar güllər, sənin talenə,
Yanar bülbüllər, sənin talenə.

Mahnı qutaran kimi öz masasına qayıdır. Fikri, xəyalları çox-çox uzaqlara gedir.

Ailədə hər kəs onun xətrini çox istəirdi. Ata-anası, qardaşları da. Bütün ümidlər ona dikilmişdi. Ondan çox şey gözləyirdilər. Bəhruz sakit təbiətli, istiqanlı, savadlı, böyüyün-kiçiyin yerini bilən,  Vətəninə, elinə-obasına bağlı olan bir oğul idi. Qarşısında məqsəd və arzuları vardı. Və o məqsəd və arzularına çatmaq üçün daim öz üzərində çalışırdı. 

Hələ doğulduğu I Varlı kəndində ibtidai sinifdə oxuyarkən öz çalışqanlığı ilə həmyaşıdlarından fərqlənirdi. Elə Yolüstü kənd tam orta məktəbində oxuyanda da bu üstünlükləri qoruyub saxlamışdı. “Yaxşı” və “əla” qiymətlərlə oxuması valideynlərinin ürəyini dağa döndərirdi. Onun haqqında kənardan kimdənsə bir xoş söz eşidəndə istər-istəməz qürurlanırdılar. Amma bunu kimsəyə büruzə vermirdilər. 2011-ci il. Bəhruz məzun idi. Sonralar qardaşı Vüsal feysbuk səhifəsində yazacaqdı.

“11 il əvvəl əlimdən tutub məni birinci sinifə apardın. O vaxtlar sən 11-də oxuyan bir məzun, mən isə balaca bir məktəbli idim. 2011 son zəngində əlimdən tutmuşdun. Sənə gül verib səbirsizliklə səndən alacağım hədiyyəni gözləyirdim. Öz son zəngində mənə dedin ki, nə vaxt məzun olsan mənim məzun lentimi taxarsan. Arzunu yerinə yetirdim Qardaş sənə verdiyim gülləri də əlim qırıla-qırıla məzarına düzdüm. Yenə də hədiyyəmi gozlədim, amma səndən bir səs gəlmədi. Ömrümün son zəngini çaldın, Şəhid qardaşım”.

Bəhruz orta təhsilini bitirib Azərbaycan Texniki Universitetinin mexanika mühəndisliyi fakültəsinə qəbul olanda da bir dünya sevinc yaşatmışdı doğmalarına, yaxınlarına. Dörd ildən sonra tələbəlik illəri ilə vidalaşdı. Dərhal da hərbi xidmətə yola düşdü. Vətənə, torpağa xidmət etməyi özünə müqəddəs bir borc sayırdı. Hər kəs bu müqəddəs borcu yerinə yetirməliydi. O, da yetirirdi ləyaqətlə. 

Xidmət etdiyi dövrdə aprel döyüşlərində də iştirak etmək ona da nəsib oldu. Onsuz da Bəhruz bu günü həmyaşıdları kimi çoxdan gözləyirdi. O gözüyaşlı qalan torpaqlarımızın yaş axan gözlərini qurutmaq, yaralarına məlhəm qoymaq istəyirdi. Tank taborunda tankçı kimi Tərtər istiqamətində əsl qəhrəmanlıq, igidlik göstərib. Düşmən texnikalarını, canlı qüvvələrini məhv edib. Bir neçə gün davam edən aprel döyüşlərinin qəfil dayandırılması ilə barışammıdı. İşğal altında qalan torpaqlarımızı tam azad görmək istəyirdi. Buna baxmayaraq, o günün gələcəyini gözləyirdi. 

Xidməti dövrünü başa vurub doğma ocağa qayıdan Bəhruz Hüseynov özünə iş axtarsa da nəticəsiz qaldı. Bir neçə il işsiz qalan Bəhruz nəhayət ki, 2020-ci il avqustun axırlarında “Sundance Azərbaycan” şirkətində neft tullantılarının emalı üzrə mexanik vəzifəsində əmək fəaliyyətinə başlayır.   

Hələ işə qəbul olmamışdan qabaq Tovuz döyüşləri zamanı o döyüşlərdə iştirak etmək üçün könüllü ərizə yazmışdı. Hələ ərizəsinə cavab verilməmişdi. Amma gözlyirdi o günü. 

Bəhruz təsərrüfatcanlı idi. İşləmədiyi vaxtlarda bağ-bağatla məşğul olurdu. Meyvə tingləri əkir, onlara qulluq edib böyüdürdü. 
O günləri xatırlayan Bəhruzun kiçik qardaşı Vüsal Hüseynov deyir:

-  Sentyabr ayının əvvəli idi. Özünün əkdiyi tinglərin içində lallər bitmişdi. Getdim lalələrə baxdım, gördüm həmin lalərlərin içində Xarı bulbul. Əvvəl inanmadım ki, Xarı bülbüldü. Dedim bu zonaya xas olan bir şey deyil. Qardaşımı çağırdım ki, bağda Xarı bülbül bitib, gəl, bax. Gəldi, baxdı, dərin fikrə getdi. Əyildi, gülün ətrafındakı otları təmizlədi, sonra suladı. Mənə də tapşırdı ki, bur də Xarı bülbül olduğunu kimsəyə demə. Hər gün suladıq. Taki sentyabrın 20-nə kimi. Bəhruzun getməyinə bir gün qalmış getdim gördüm yoxa çıxıb. Bu bir nişanə idi Bəhruzçun elə bil. İndi fikirləşirəm ki, həmin gül qardaşımın şəhid olacağının xəbərçisi imiş. 

Vüsal sözünə ara verir. Nəsə fikirləşri, nəsə düşünür. Axı, qardaşı Bəhruz haqqında o qədər deyiləcək sözləri vardı ki. Günlərlə oturub danışsa da bitib-tükənən deyildi. Kədərli halda dillənir.

-Sentyabr ayının 18 idi. İkimiz birgə otunub çay içirdik. Bir xeyli deyib güldük. Qəfil Bəhruz üzümə baxıb dedi: " Nə vaxt telefon alsan ekrana mənim şəkilimi qoyarsan və hər telefonu əlinə götürəndə mənim şəklimə baxarsan. Şəkili görəndə kimin Qardaşı olduğunu yadına salarsan və həmin ada görə hərəkət edərsən" dedi.

Dedim,  qardaş, bu nə sözdü. Allaha şükür yanımdasan, necə deyirsənsə elə hərəkət edərəm, sözünden çıxmaram.

Cavab olaraq: "
Bir söz idi dedim " deyib güldü.

Hələ Vətən müharibəsinin başlanmasına bir həftə qamış, sentyabrın 21-də yüzlərlə, minlərlə gənclərimz kimi o da könüllü olaraq səfərbərliyə alınır. Bir həftə “N” saylı hərbi hissədə təlimlərdə olur. 

Artıq Vətən müharibəsi başlamışdı. Sentyabrın 27-də. Aprel döyüşlərində yarımçıq qalmış işlərini davam etdirməli idi Bəhruz. O gün çox qürurli idi. Bilirdi ki, qalmaz belə, qalmaz dünya. Bunun əvvəl axır sonu olmalıdır. Düşmən işğalı altında olan torpaqlarımız təmizlənməlidir. 30 ilə yaxın düşmən ayaqları altında can verən torpaqlarımız azad-asudə nəfəs almalıdır. Yurd-yuvalarından qaçqın, köçkün düşmüş insanlar öz ocaqlarına qayıtmalıdır. Bundan savayı geriyə yol yoxdur.

Bəhruz tank taborunda təcrübəli bir tankçı kimi savaşa qatıldı. İlk döyüş yolu Füzuli istiqamətindən başladı. Döyüş yolu müztəlif istiqamətlərdə, gah Hadrut, Cəbrayıl, gah da Xocavənd uğrunda gedən savaşlarda davam edirdi. Silahdaşları ilə bahəm düşmənə od qoyurdu. Zirehli texnikalarını, canlı qüvvələrini məhv edə-edə irəliləyir, hər qarış torpağımızı düşməndən azad edirdi. Trpaqlarımızı düşməndən azad etdikcə nə aclıq, nə susuzluq, nə də ki, yorğunluq yada düşmürdü. İrlilədikcə irəliləmək, düşməni qısa zaman kəsiyində torpaqlarımızdan təmizləmək istəyirdi.

Şuşaya nə qalmışdı ki. Belə sürətlə irəliləsələr Xarı bülbül diyarı olan Şuşaya da tez çatacaqdılar. Oranı da düşməndən azad edəcəkdilər. Buna öz varlığına inandığı kimi inanırdı Bəhruz.

Valideynləri nigaran qalmasınlar deyə, vaxt tapan kimi onlarla əlaqə saxlayırdı. Danışıqları çox qısa olurdu. Oktyabrın 11-də anası Məsmə xanımla danışmışdı. Ona “Hər şey yaxşıdır, narahat olma, ana! Alnımıza nə yazılıbsa o da olacaq” deyərək sağollaşmışdı. Beş gün sonra bir daha əlaqə saxlamışdı. Bu onun ailəsi ilə sonuncu danışığı olmuşdu.Onda hər kəslə danışmışdı. Yenə eyni zösü demişdi. “Hər şey yaxşıdır, nigaran qalmayın”. Vəssalam.

19 oktyabr, 2020-ci il. Xocavənd rayonunun Düdükçü kəndi istiqamətində qanlı savaşlar gedirdi. Bəhruz qan qardaşları ilə kənd istiqamətindəki yüksəklikləri düşməndən təmizləmək əmrini almışdı. O döyüşlərdə artıq düşmənin nəfəsini kəsmişdilər. Qorxularından səngərlərini qoyub qaçırdılar. Tapşırığın yerinə yetirilməsinə dəqiqələr qalmışdı. Elə bu dəm düşmənin minatandan atdığı mərmi lap yaxınlıqda partladı. 26 yaşlı Bəhruz Hüseynov aldığı qəlpə yaralarından ağır yaralandı. Bir anda həyətlərindəki Xarı bülbül gözləri önündə canlandı. Bilirdi ki, bu onun son nəfəsidir. Şuşaya çata bilmədiyindən təəssüfləndi. Və gözlərini yummaqla şəhidlik məqamına yüksəldi. Həmin gün çiyin-çiyinə döyüşdüyü tank komandiri, kapitan Ülvi Hüseynov da şəhadətə ucaldı.
Bəhruzun döyüşçü yoldaşı, qazi Cavid Nurinin dediklərindən:

-Döyüşlər zamanı o, öz xarakteri ilə seçilirdi. Az danışırdı, az gülürdü. Ancaq çox iş görürdü. Öhdəyə qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində öz şücaəti, igidliyi ilə seçilirdi. 

Bəhruz qardaşımız 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının, Hadrudun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi şücaətlər göstərmişdir. İgidliyi, qəhrəmanlığı ilə fərqlənmişdir. 

Xocavənd rayonunun Düdükçü kəndi istiqamətində gedən döyüşərdə düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. 

Mən həmin günü xatırlayıram. Bəhruz qardaşımızın şəhid olduğu günü. İbişov Əbil qardaşımız gəldi. Asif qardaşımız, Sübhan qardaşımız da bizimlə bərabər idi. Onun rəngi ağarmışdı. O, elə bir vəziyyətdə idi ki, o insanın sifəti ağappaq, ölü rəngində idi. O, başladı hönkür-hönkür, uşaq kimi ağlamağa. Yanımızda. Biz də kövrəldik. Soruşduq ki, nə olub? Bircə kəlmə dedi, Bəhruz şəhid olub. Onun da Bəhruz Hüseynovla yaxın münasibətləri vardı. Hamımıza yaxın idi. Əlimizdən gələni bir-birimiz üçün əsirgəmirdik. Şəhid Bəhruz qardaşımızla biz həmişə qürur duyuruq ki, belə qəhrəmanla bir yerdə döyüşmüşük.  

Ertəsi gün Bəhruz Hüseynovun üçrəngli bayrağımıza bükülmüş cənazəsi doğma ocağına yol salındı. 

Dalğalanan üçrəngli bayraqlar, ələmə bələnmiş qəmli insanlar, çiyinlərdə gedən cənazə. Bu insan karvanı Yolüstü kənd qəbristanlığına doğru gedirdi. 

Onda orta məktəbin sonuncu sinfində oxuyan Vüsal  qardaşı Bəhruzun şəhid olmasından xəbərsiz idi. 

-Şəhid xəbərini alanda dərsdə idim-deyə göz yaşları içində Vüsal dillənir.-Qardaşım şəhid olan günü çox qorxulu yuxu görmüşdüm. Elə o yuxuya da ayılmışdım. Həmin gün ancaq Allaha yalvardım ki, "qardaşımı qoru, İlahi". Dərsdən gələndə yolumuzda bir oğlan qəfil üstümə gəldi. Əvvəl inanmadım, sonra küçəmizə doğru getdikcə adamları gördüm, dedilər "yaralıdır". Bir az keçmişdi həyətimizə bayraq gətirdilər. Bayrağı görəndə bildim ki, şəhid olub Bəhruz qardaşım.

Dəfn günü insan seli arasında bir yeniyetmə oğlan vardı. Göz yaşları selləmə axırdı. Ovunmaq nə olduğunu bilmirdi. Bu şəhid Bəhruzun qardaşı Vüsal Hüseynov idi. Qəbristanlığa gedən yolda diz üstə çökdü torpağa. Göz yaşlarını içində boğan atası Yavər kişi oğlunun qollarından tutub ayağa qaldırdı. Oğlunun başını sinəsinə sıxıb irəli addımladı. O gün şəhid Bəhruzun nəşi kənd qəbristanlığında torpağa tapşırıldı.

-O gündən həyata baxışım dəyişdi. Artıq üstümdə böyük yük var idi. Həm dərdim, həm də şəhid qardaşı adı. Şəhid qardaşı oldum. Bundan sonra nə ömrüm varsa, bu ad üçün yaşamalıyam. Şəhid qardaşı adı üçün. Əsl şəhid qardaşı olacam. Hər atdığım addıma fikir verirəm. Axı, mən şəhid qardaşıyam" - deyə Vüsal gözyaşları içində dillənir. 

Bəhruz Hüseynov Vətən müharibəsində göztərdiyi qəhrəmanlıqlara görə, ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Atası Yavər Hüseynovun dediklərindən:  

-Elə bir həqiqi mərd oğlan idi ki, heç vaxt heç kimin qarşısında baş əyməmişdi. O, axırıncı dəfə mənə bir söz dedi.  Dedi, ata, mən ağlım kəsəndən sənin başın həmişə uca olub, Bundan sonra da mən sənin başını uca eliyəcəm. Ondan bir həftə sonra müharibə başladı, Həqiqətən də o, şəhid olacağını bilirmiş. 

Oğul dərdindən qəddi əyilmiş, saçları qar kimi ağarmış Məsmə ana da öz oğlu haqqında bunları deyir.

-Tərbiyəli vətənpərvər övlad idi. Övlad acısı ağırdı, ancaq bu gün də onunla fəxr eləyirəm. Həmişə eləmişəm, bu gündən sonra da fəxr edəcəm. Vətən sağ olsun!

Qardaşı Abbas Hüseynov:

-Yaşca məndən balaca olsa da şəhidlik məqamına ucalmaq ona qismət oldu. Əzmlə, geri çəkilmədən, qorxu hissi olmadan bu döyüşlərə qatıldı. O, biznən gülərək ayrıldı, dedi ki, Allahın qisməti nədirsə, o olacaq. 

Şəhidin müəllimi Azad Nəhmədovun yazdıqları.

Bir il əvvəl yazmışdım: ""Kaş ki, yenə məktəb illəri olaydı, səni dərs danışmağa çağıraydım. Ən sakit şagird olmana baxmayaraq, sənin adını qəsdən çəkəydim, sən də: "Müəllim, mən nə etdim ki?"-deyəydin. Kaş ki...!

Qardaşı Vüsalın dediyinə görə, Bəhruz musiqiyə bir o qədər də meyilli olmayıb. Qulaq asdığı isə ancaq qəmli mahnılar olarmış. Qardaşından yadigar qalmış telefonu açarkən təsadüfən bu mənzərə ilə qarşılaşıb. 

20 sentyabr, 2020-ci il.

Saat 12:09.
Evdə qulaq asdığı son mahnı.

Murat Başaran. 

“Şəhid olsam, gülümsə, Anne”  





Təyyar Nəsirli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top