Ərəstun Oruclu: “Subyektiv olaraq, yanğının törədildiyini düşünürəm”

GÜNDƏM 29 apr 2022, 17:49
Dünən “Azərsun Sənaye Parkı”nda baş verən yanğın həqiqətən də çox suallar doğurur. 

Bunu Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib.

“İstər sosial mediada, istərsə də mediada səsləndirilən əsas versiya məhz Ukraynaya göndərilən humanitar yardıma bir cavab olduğu bildirildi. Açığı düşünmürəm ki, belə yanğın əməliyyatı ona cavab olaraq həyata keçirilsin. Yəni, bir gün ərzində bunu praktiki baxımdan hazırlamaq mümkün deyil. Düzdür, nəzəri cəhətdən əlbəttə ki, mümkündür”.

Ə.Oruclu hesab edir ki, yanğının müəyyən qüvvələr tərəfindən törədilməsi versiyası da istisna deyil: “Fikrimcə, bu yanğın törədilib. Düzdür, ola bilər ki, hansısa ehtiyatsızlıqdan da baş vermiş olsun. Amma, dünənki yanğını Ukraynaya göndərilmiş humanitar yardımına cavab tədbiri kimi səsləndirmək fikrimcə, bitərəfli yanaşma olar. Mən subyektiv olaraq, yanğının törədilmiş olduğunu düşünürəm. Ola bilər ki, bu, tək xarici qüvvələrlə bağlı deyil, həm də hakimiyyət daxilindəki qüvvələrin çəkişmələri səbəbindən də baş vermiş ola bilər. Hesab edirəm ki, belə olduğu halda qruplar özlərinin iqtisadi dayaqlarını çökdürməklə, məhv etməklə məşğuldurlar. Yəni, bütün bunlar hamısı versiyadır. Ümumiyyətlə, yanğının təsadüfi, yoxsa qəsdən törədilməsi ehtimalları yarıbayarıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top