Rusiyadan III dünya müharibəsi ANONSU: Ukraynadan sonra yeni hədəflər

GÜNDƏM 28 apr 2022, 17:57
“Çox təəssüf ki, Rusiya-Ukrayna müharibəsi III dünya müharibəsi ehtimallarını və nüvə müharibəsi riski artırır”.

Bu fikirləri Demokrat.az-a Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun 3-cü dünya müharibəsinin yaxınlaşma təhlükəsi ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib.  Politoloq III dünya müharibəsi ilə bağlı müxtəlif müzakirələrin getdiyini və bunun çox təəssüfedici hal olduğunu açıqlayıb:

“Rusiyanın xaric işlər naziri III dünya müharibəsinin yaxınlaşma təhlükəsi olduğunu bildirdi. Bu xüsusda biz müharibə ilə yanaşı müxtəlif fəaliyyətlərin getdiyini də müşahidə edirik. Belə ki, Polşa və Ruminiya kimi dövlətlərin, eləcə də Qərb blokunun xüsusilə də ABŞ və  Böyük Britaniyanın gücünün, siyasi, iqtisadi, hərbi dəstəyini Ukraynaya göstərdiyini görürük. Belə olan təqdirdə biz Qərb ilə Rusiyanın qarşıdurmasını artıq açıq-aydın şəkildə görürük. Sadəcə olaraq Ukrayna məkan olaraq seçilib və burada Qərb ilə Rusiya bir-birilə siyasi-hərbi mübarizə aparır”. 



Politoloq vurğulayıb ki, hazırda Rusiyaya qarşı güclü iqtisadi sanksiyalardan, məhdudiyyətlərdən və təzyiq metodlarından istfadə olunur: “Artıq Avropanın təhlükəsizlik arxitekturasında böyük dəyişiliklərin getdiyini nəzərə alsaq, müəyyən formada III dünya müharibəsinin başladığını qeyd edə bilərik. İstənilən halda nüfuz bölgüləri, müharibədə qazanmaq, şanslı çıxmaq, hansısa əraziləri zəbt etmək, müəyyən ərazilərə nəzarəti əldə saxlamaq, gələcək dövr üçün siyasi nüfuzun saxlanılmasına çalışmaq üçün atılan addımlar əslində münaqişə ilə yanaşı, postmünaqişə dövrünə hesablanıb. Bu baxımdan məhz sonrakı dövr üçün qazanclı çıxmağa müəyyən formada çalışan güclərin mübarizəsi də artıq açıq-aydın şəkildə özünü büruzə verir”.  

Qeyd edək ki, dünyaya həyəcan siqnalı yaymağa çalışan rusiyalı diplomat Lavrov yerli media qarşısında verdiyi bəyanatda liderlər arasında qeyri-sağlam rabitə və yaranan etibarsızlıqdan şikayətlənib. O, bildirib ki, zaman artıq Sovet ittifaqı dönəmindəki kimi deyil. Rusiya ilə Qərb arasında artıq etibarlı rabitə vasitəsi qalmayıb. Lavrov xüsusilə NATO-nun Avropanın şərqində genişlənmə siyasətini tənqid edərək, onu Kremlin dəfələrlə etdiyi xəbərdarlıqlarını heçə saymaqda günahlandırıb. O qeyd edib ki, bu da III dünya müharibəsi risklərini artırır. 

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top