Azərbaycanlı deputat AŞPA-da Rusiyanı sərt tənqid etdi — VİDEO

GÜNDƏM 28 apr 2022, 17:36
ReAL Partiyasından deputat, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Erkin Qədirli qurumun yaz ssesiyasında Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni kəskin pisləyib.

Millət vəkili çıxışında bildirib ki, Ukrayna ərazisində müxtəlif beynəlxalq cinayətlər törədilir. Onun sözlərinə görə, bəşəriyyətə qarşı cinayətlər, müharibə cinayətləri - Buça, İrpen və digər yerlərdən gələn xəbərlərə əsaslanaraq, bu cinayətlərin bəzilərinin soyqırım xarakterli olduğuna inanmaq üçün əsasların olduğunu söyləmək olar.

"Ancaq bütün bunlardan əlavə, xüsusi diqqətə layiq olan bir cinayət var və bu təcavüz cinayətidir", - deputat qeyd edib.

Daha sonra AŞPA üzvü olan həmkarlarına müraciət edən E.Qədirli beynəlxalq cinayətlərin iki kateqoriyaya - beynəlxalq hüquqa görə cinayətlər və beynəlxalq hüquqa qarşı cinayətlərə bölündüyünü xatırladıb: "Beynəlxalq cinayətlərin böyük əksəriyyəti birinci qrupa aiddir. Bunlar müvafiq beynəlxalq müqavilələrlə təsbit edilir – terrorizm, müəyyən silahların qanunsuz istifadəsi, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi və s. Bunlar beynəlxalq hüquqa görə cinayətlərdir. Təcavüz isə özünəməxsus cinayətdir. Bu, beynəlxalq hüquqa görə deyil, beynəlxalq hüquqa qarşı cinayətdir. O, beynəlxalq hüququn hüquqi fenomen kimi fundamental inkarına əsaslanır. Biri var ki, kimsə beynəlxalq hüququn səmərəsizliyindən məyus olur və biz hamımız beynəlxalq hüququn mükəmməllikdən uzaq olduğunu, əslində çox zəif olduğunu, çox vaxt güclü dövlətlər tərəfindən sui-istifadə edildiyini bilirik. Ancaq beynəlxalq hüququn hüquqi təbiətinin inkar edilməsi tam başqadır.

Rus dilində “безнаказанность” sözü var. İngilis dilinə "impunity" (cəzasızlıq) kimi tərcümə olunur. Düzgün tərcümədir, lakin burada mənanın bir hissəsi itir. Cəzasızlıq o deməkdir ki, ya qanunla nəzərdə tutulmuş cəza yoxdur, ya da qanunla nəzərdə tutulmuş cəza var, lakin kimsə ondan qaça bilir və ya hər hansısa səbəbə görə cəzadan kənar qalır. Ayrıca olaraq, rus dilindəki “безнаказанность” sözü isə, hər hansı bir cəzanın prinsipcə ola bilməməsi anlamına gəlir. İstər qanunda, istər əxlaqda və hətta ictimai rəydə".

Millət vəkili daha sonra rus siyasətçilərindən vaxtaşırı verdikləri hədə-qorxu bəyanatlarına toxunub: "Biz tez-tez “Varşavanı bombalayacağıq”, “tanklarımız yenidən Praqada olacaq”, “Berlin bizə yalvaracaq”, “Baltik ölkələri saxtadır”, “Ukrayna heç vaxt mövcud olmayıb” və s. eşidirik. Onlardan biri, Rusiya federal parlamentinin aşağı palatasının, Dövlət Dumasının deputatı Mixail Delyagin, daha da irəliyə gedərək, “Rusiya Azərbaycana qarşı taktiki nüvə silahından istifadə edə bilər” və hətta “istifadə etməlidir” deyib. Bilirsiniz niyə? Çünki Azərbaycan Ukraynaya humanitar yardım edir. Bu sözlər bu qədər asan başa gəlməməlidir. Biz beynəlxalq hüququn, onun hüquqi təbiətinin inkar edildiyi mərhələdəyik".(azpolitika.info)



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top