Ekspert: “Bakıda taksi heç də ucuz deyil”

GÜNDƏM 28 apr 2022, 15:39
“Nazirlər Kabineti 2019-cu ildə Bakı şəhərində taksi xidmətinin təxmini qiymətlərini müəyyənləşdirmişdi. Bu qiymət taksini sifariş etdikdə, taksiyə əyləşdikdə 1 manat 50 qəpik təşkil edir və hər kilometrə görə 70 qəpikdən hesablanaraq başlayır. Daha sonra kilometraj uzandıqca 50 qəpiyə enir. Hökumətin qəbul etdiyi bu qərarı əsas tutaraq taksi qiymətlərinin ucuz olmasını deyə bilmərik”.

Bunu Pravda.az-a taksi sürücülərinin qiymətlərin aşağı olması ilə bağlı şikayətlərini şərh edərkən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.



E.Cəfərov qeyd edib ki, qiymətlər aşağı deyil, sadəcə, bəzi taksi şirkətləri bazarda özlərinə daha çox müştəri toplamaq üçün müəyyən hallarda və vaxtlarda taksi qiymətlərini tövsiyə olunan qiymətdən az təyin edir: “Məsələn 33-35 qəpik civarında. Bu növ taksilər isə ilk növbədə təhlükəsiz sayıla bilməz. Belə ki, təqdim edilən xidmətdə avtomobillər köhnə ola bilir və bu daha çox təhlükəyə səbəb ola bilər. Eyni zamanda bu cür şirkətlərdə keyfiyyətli xidmətdən söhbət gedə bilməz. Qiymətlərin belə aşağı olmasından şikayət edən taksi sürücülərinə isə tövsiyə edərdim ki, qiymətlərin yüksəlməsi əvəzinə, onlardan alınan komissiya haqqının azaldılması istiqamətində məsələ qaldırsınlar. Azərbaycanda fəaliyyət göstərən bəzi beynəlxalq taksi şirkətləri vətəndaşımız olan taksi sürücülərini istismar edirlər. Belə ki, taksi operator şirkətləri müştəri tapmaq müqabilində taksi sürücüsünün qazancının təxminən 15-25 faizini ondan komissiya haqqı kimi alır. Əlbəttə ki, bu böyük faizlərdir. Buna görə də taksi sürücüləri işləyir, amma nəticədə görürlər ki, bu pulun müəyyən hissəsi elə faizlərə gedir. Bir daha qeyd edirəm ki, əslində Bakıda taksi qiymətləri ucuz deyil. Mən özüm də vaxtaşırı beynəlxalq taksi şirkətlərinin xidmətlərindən istifadə edirəm və mənim təcrübəmə görə Bakıda taksi heç də ucuz deyil. Yenə də vurğulmaq istəyirəm ki, bəzi şirkətlər qaydaları pozaraq qiymətləri təyin edir, ancaq bu o demək deyil ki, kütləvi halda belədir...”

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top