“Səhhətimlə əlaqədar serialların hər birinə razılıq verə bilmirəm” — Xalq artisti

İNCƏSƏNƏT 25 apr 2022, 14:04
Demokrat.az xalq artisti Firəngiz Mütəllimova ilə həmsöhbət olub. 

Aktrisanın saytımıza verdiyi səmimi cavabları təqdim edirik: 

-Firəngiz xanım, bahalı avtomobil, hədiyyələr, qızıllar, brilliantlar.. Hətta sənətə yenicə gəlmişlər arasında da bu cür yaşayan və bu cür mükafatlandırılanlar var. Sizcə, tərs mütənasiblik yoxdurmu bu işdə?



-Mən öz adımdan danışa bilərəm. Mənə olan diqqət və qayğıya görə cənab Prezidentə, Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Mən bu sənətə gələndə heç vaxt fikirləşməmişəm ki, qızılım, brilliantım olsun. Özümü ancaq bu sənətə həsr etmişəm. Bunun da nəticəsini görmüşəm. Hazırda Prezidentin hədiyyə etdiyi evdə yaşayıram, prezidentin fərdi təqaüdçüsüyəm. Mühüm dövlət tədbirlərində iştirak edirəm. Dövlət tərəfindən hər zaman özümə qayğını, diqqəti hiss edirəm. 

-Firəngiz xanım, estetik əməliyyat etdirməmisiniz. Hətta makiyajı da çox sevmirsiniz. Yenə də gözəlliyiniz göz oxşayır. Bəs, sizcə, qadını gözəl göstərən nədir?



-Qadını gözəl göstərən onun səliqə-səhmanlı olmağıdır. Qadın gərək getdiyi yerə görə geyim seçsin. Qadının gərək içi gözəl olsun, fikirləri, düşüncəsi gözəl olsun. Təbəssümü gözəl olsun ki, ətrafına da xoş hiss bəxş edə bilsin. Bir az təmkinli, səbirli olmağı qadını gözəl göstərir. Adam var ki, yaşlandıqca eybəcərləşir, adam var ki, üzünə nur gəlir. Allah nurumuzu bizdən almasın.

-Son olaraq sizi uzun müddət serialda gördük. Səhnələr görmüş, neçə-neçə unudulmaz rollar canlandırmış Firəngiz Mütəllimova üçün buna yorulmaq demək olar? 

-Seriala çəkiləndə yorulmuram, hətta dincəlirəm. Serial kiçik bir evə, ailəyə bənzəyir. Dəvətlər çox olur, amma mən səhhətimlə əlaqədar bağlı hər birinə razılıq verə bilmirəm. Elməddin Cəfərovla ona görə hələ də çalışıram ki, onlarla əvvəldən çalışmışam, onlar mənim, mən də onların xasiyyətini bilirəm.

-Gənc aktrisalara ilk tövsiyəniz...

-Mən universitetdə dərs deyən zaman tələbələrimə də deyirdim ki, bu sənətdə bir az səbir, zəhmət, bir az dözüm, sənətə sonsuz sevgi lazımdır. Gənc aktyor və aktrisalara tövsiyəm budur. Əgər həqiqətən bu sənəti sevənlər varsa, uğura, istədikləri zirvəyə mütləq çatacaqlar. Amma elə-belə, nəyinsə xətrinə səhnədə olanlar ələnib yoxa çıxacaqlar. 



-Aktrisada gərək mütləq nə olmalıdır?

Aktrisada sənətə təmənnasız sevgi olmalıdır. Möhtəşəm aktrisa olmaq üçün ürək, ağıl, gözəl plastika, güclü tərəf müqabili, əla yazılmış pyeslər, rejissor işi olmalıdır. Bir də çəkicilik olmalıdır aktyor və aktrisada. O hər yeni obrazı ilə tamaşaçını təəccübləndirməyi bacarmalıdır. 

-Şuşa sevginizdən və Şuşalı günlərin sevincindən danışaq. Bəlkə Şuşa üçün bir səhnə, uzun bir monoloq var ağlınızda? 

-Mən 30 il boyu da Şuşadan danışmışam, hansı verilişdə olmuşamsa, orada Şuşadan danışmışam. 30 illik həsrətdən sonra Şuşaya getdim, “Xarıbülbül” festivalında oldum. Mən Şuşa ilə nəfəs alıram, Şuşa mənim ən doğma, ən isti ocağımdır. Mən həmişə düşünürdüm ki, Şuşaya gedəndə Xan qızı Natəvanın son monoloqunu deyəcəm, amma tam fərqli oldu. Cıdır düzündə ürəyimdə Ayətül Kürsünü oxudum, Kəlmeyi-şəhadəti oxudum, çox fərqli hisslər yaşadım, həm kədər, həm də sevinc göz yaşları axdı. Şəhidlərimizin ayağı dəyən torpaqdan öpdüm. Çox sevindim ki, Allah mənə məhz Ramazan ayında 30 llik həsrətə son qoymağı nəsib elədi. 

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top