Ekspert: “Ölkə bankları bütün xərclərini əhalinin üzərinə yükləyir”

GÜNDƏM 20 apr 2022, 17:49
“Azərbaycanda bank kredit faizlərinin yüksək olması uzun illərdir danışılan, cəmiyyət arasında müzakirə olan mövzulardandır. Azərbaycanda banklar hələ də faiz dərəcələrini ikirəqəmli mövqelərində qoruyub saxlamaqda israrlıdırlar”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov deyib. Ekpertin sözlərinə görə, bunun da bir neçə səbəbi var:



“Ölkəmizdə investisiya mühiti, məhkəmə-hüquqi sisteminin vəziyyəti bərbaddır. Ölkə bankları kreditin qaytarılmama riskini, yaxud qaytarılmağına çəkəcək rəsmi və qeyri-rəsmi xərclərini əhalinin üzərinə yükləyir. Yəni, kredit faizlərini yüksək etməklə, bu xərclər əhalidən tutulur. Bundan başqa, kredit faizlərinin yüksək olmasının bir səbəbi də əmanətlər üzrə faizlərin yüksək olmasıdır. Bank 12 faizlə əmanət götürəndə, kreditin də faizi çox yüksək olur. Digər tərəfdən də, Mərkəzi Bank öz uçot dərəcəsi ilə bütün banklara kredit vermir. Buna görə də, ölkədə sağlam rəqabət yoxdur, inhisarçılıq var. Hesab edirəm ki, bu üç məsələni həll etmək zəruridir”.
  
Ekspert gecikən kreditlərə görə tətbiq edilən cərimələr barədə də danışıb:

“Təbii ki, cərimələr qanunvericiliklə bağlı olan bir məsələdir. Hələ 2014-cü ildə mən alman professoru Piter Krepslə kredit müqaviləsi ilə bağlı Mülki Məcəlləyə geniş dəyişiliklər layihəsini hazırlamışdıq. Orada banklara kredit məhdudiyyəti qoymuşduq ki, banklar istədiyi cəriməni tətbiq edə bilməsinlər. Amma, banklarımız indiyə kimi o qanunun qəbul olunmasına imkan vermir. Yəni, bu baxımdan da qanunvericiliyi təkmilləşdirmək lazımdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top