“Ölkədə əczaçılıq sənayesi sıfır vergiləndirmə rejiminə keçirilsin” — TƏKLİF

GÜNDƏM 16 apr 2022, 18:26
Xəbər verdiyimiz kimi, dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydalarına dəyişiklik edilib. Ötən gün Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı, o cümlədən yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək. Bəs, bu ölkədə dərmanların qiymətində bahalaşmaya səbəb olacaqmı?

Bununla bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlama verib. Ekspertin sözlərinə görə, bu qərar ölkədə dərman qiymətlərinin bahalaşmasına səbəb olmayacaq: “İdxal prosesində hər hansı bir şirkət dərmanı ölkəyə idxal etmək, yaxud da ki, yerli şirkətlər istehsal etmək və bazara təklif etmək istəyirlərsə, bunun reyestri aparılır. Bu, reyestrin aparılmasında bir dəfə, yaxud da sənədlərdə dəyişiklik olanda təkrar qeydiyyat zamanı alınan rüsumdur. Yəni, bu, qeydiyyat zamanı 150 manata 100 milyonluq dövriyyələrdə qiymət artımını şərtləndiricək bir rüsum növü deyil. Bu xərclər hansısa bir formada on mində bir, yüz mində bir nisbətdə maya dəyərində əks oluna bilər. Amma, buna baxmayaraq bu hər hansı qiymət artımı ilə bağlı qərarın qəbul edilməsinə gətirib çıxaran bir məsələ deyil. Yəni, bir dəfə hansısa dərmanı qeydiyyata daxil etməklə, on illərlə həmin dərmanı ölkəyə daxil etmək olur, yaxud da istehsal etmək olar. Ona görə də, düşünmürəm ki, bu qərar faktiki olaraq qiymət artımlarını şərtləndirsin. Biz də qiymətlərin artımının yuxarı limiti əslində Tarif Şurası tərəfindən tənzimləndiyinə görə, hətta, Tarif Şurasının da bu qərarı əsas götürərək, dərmanların yuxarı limitinin dəyişməsi ilə bağlı qərar qəbul etməsi mümkünsüzdür. Ona görə də, indiki halda ciddi narahatlığın olacağını düşünmürəm”.

“Ümumiyyətlə, götürəndə gələcəkdə də dərmanların idxalına, istehsalına tətbiq edən vergilərin artırılması deyil, əksinə onların azaldılması istiqamətində işlər görülməlidir. Xüsusilə də, istehsal prosesində Azərbaycanda çox ciddi asılılıq var. Ölkədə istehlak olunan hər 100 manatlıq məhsulun 99,4 manatını biz idxal edirik. Bu, çox biabırçı vəziyyətdir. Təxminən ölkə əhalisi il ərzində 950 milyon manatlıq dərman məhsullarına xərc edir. Yəni, əczaçılıq məhsullarının istehlakı məqsədi ilə xərcləmə edirlər. Bunun 4 milyonu cəmi Azərbaycanda yerli istehsalın payına düşür ki, bu da çox biabırçılıqdır. Ümumi istehsalımız isə 2021-ci ildə 10, 6 milyon manat olub. Hətta, bu məsələni Vergilər Nazirliyi qarşısında da müəyyən mənada qaldırmağa çalışmışıq. Yəni, hökumət mümkün qədər çalışmalıdır ki, ölkədə əczaçılıq sənayesi sıfır vergiləndirmə rejiminə keçsin. Ən azından bununla bağlı işğaldan azad olunmuş ərazilərdə layihələr həyata keçirmək olar,”- deyə, iqtisadçı vurğulayıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top