Küləyə görə sürücülərə xəbərdalıq edildi

GÜNDƏM 12 apr 2022, 22:46

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ölkə ərazisində müşahidə olunun küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli  açıqlamasında sürücüləri nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməməyə çağırıb: "Bu cür hava şəraiti ilə əlaqədar sürücüləri və piyadaları son dərəcə ehtiyyatlı olmağa, təhlükəsizlik qaydalarına daha çox əməl etməyə, avtomobillərini hündürmərtəbəli binaların, ağacların altında saxlamamalarını tövsiyə edirik. Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmağı xahiş edirik", - deyə qurum rəsmisi qeyd edib.

Araz Əsgərli xüsusilə yük avtomobillərinin sahibləri və sürücülərinə müraciət edərək onlara küləkli havada hərəkətin çətin və təhlükəli olduğunu unutmamağı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməyi, görmə məsafəsi məhdudlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi, açıq ərazilərdə sürəti azaltmağı, qəfil manevr və ya kəskin tormazlama etməməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı tövsiyə edib.

Xatırladaq ki, bu gündən başlayaraq Respublika ərazisində güclü külək olacağı proqnozlaşdırılıb./APA

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top