“İBLİS” Türkiyədə — Məlahət Abbasovadan açıqlama

MƏDƏNİYYƏT 11 apr 2022, 14:15
Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilib. Əsəri Türkiyədə səhnələşdirən, İstanbul Şəhər Teatrlarının direktor müavini, aktrisa, rejissor Məlahət Abbasova bununla bağlı Demokrat.az saytına məlumat verib. O bildirib ki, bir neçə yazıçımızın da əsərlərini Türkiyə teatrlarında səhnələşdirib. 

“Tək Azərbaycanın deyil, bütün türk dünyasının görkəmli yazıçısı, Hüseyn Cavidin şah əsəri olan “İBLİS”-in dövlət teatrlarının repertuarına daxil edilməsi tarixi bir hadisədir. Buna nail, səbəb olduğum üçün inanılmaz dərəcədə xoşbəxtəm. Bilirsiniz ki, artıq 30 ildir ki, Türkiyədə İstanbul Şəhər Teatrlarında aktrisa-rejissor kimi fəaliyyət göstərirəm, ən böyük arzum, diləyim Azərbaycan əsərlərini türk tamaşaçısına tanıtmaqdır. İlk dəfə “İblis” əsəri də məhz İstanbul Şəhər Teatrlarının repertuarına daxil olunmuşdur, iki dövlət rəsmilərinin də qatıldığı 2019-cu il aprelin 17-də premyerası olmuşdur. Artıq sıra dövlət teatrlarına təqdim etməyə gəlmişdi. Mən bu fikrimi Azərbaycanın Ankara böyük elçisi Rəşad Məmmədova söylədim, o da bütün Azərbaycan əsərlərinin Türkiyədə təbliğatı üçün əlindən nə gəlirsə kömək edəcəyini söylədi. Biz bərabər “İblis” əsərini Türkiyə Dövlət Teatrlarına təqdim etdik.”

O, əlavə edib ki, əvvəllər Türkiyənin teatrlarında Azərbaycan yazıçılarının əsərlərinə rast gəlinmirdi. Lakin son illər maraq artıb. Məlahət Abbasova vətənini qardaş ölkədə layiqincə təmsil etdiyini və bu işdə Cahangir Zeynalovdan başqa heç kimdən dəstək görmədiyini açıqlayıb. 

“İstanbul Şəhər Teatrları dünyanın ən böyük teatrı hesab olunur. Bu gün repertuarımızda 15-dən çox Azərbaycanlı yazıçının əsəri var. Nə qədər ki, bu teatrdayam Azərbaycan əsərlərinin sayını çoxaltmaq istəyirəm. Bu boyda Türkiyədə Azərbaycan teatrını təmsil edən iki insan var, onlardan biri Cahangir Zeynalov, digəri isə mənəm. Bu baxımdan üzərimizə böyük yük düşür. Bir növ əsərlərimizi orada tanıtmaq bizim missiyamızdır. Nə qədər ki, canım sağdır hər zaman yaradıcılığımda Azərbaycan əsərləri olacaq”.



Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top