Kərimlinin reallıqdan uzaq və ədalətsiz müqayisələri arxasında dayanan sabit maraqlar

GÜNDƏM 06 apr 2022, 16:00
Hakimiyyəti öz ittihamları ilə nüfuzdan salmaq istəyən tükənmişlər siyasi dividentlər qazanmaq üçün populist mövqeyini davam etdirir.
  
Tükənmiş radikal müxalifət öz gündəmini dəyişə bilmir. Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatlardan yanaşaraq Azərbaycan hakimiyyətinin ünvanına şər-böhtan yağdırmaqla məşğuldur. Əvvəlcə Azərbaycanın Ukraynanın yanında deyil, Rusiyanın yanında dayanması ilə bağlı rəy yaratmağa çalışdılar. Fəqət bu çabaları nəticə vermədi. Azərbaycanın Ukraynaya etdiyi humanitar yardımlar, bu ölkənin dövlət başçısının Azərbaycan Prezidentinə təşəkkür bəyanatları müxalifətin fikirlərinin nə dərəcədə əsassız, yalan olduğunu isbatladı.

İndi isə Ukraynada, Rusiyada həlak olan hərbçilərin ailələrinə edilən yardımlarla bağlı ağlagəlməyən rəqəmlər dövriyyəyə buraxmaqla, Azərbaycan dövlətinin öz şəhidinə, müharibə əlilinə qayğısını aşağılamaq xətti tutublar. AXCP sədri Əli Kərimlinin bu yöndəki populist çıxışlarının heç birində tutarlı fakt yoxdur. Bu, sadəcə bütün gününü sosial şəbəkələrə həsr edən Kərimlinin həmişəki kimi adi feyk xəbərlərdən yararlanmaq cəhdindən başqa bir şey deyil. Qanunvericiliyə, reallığa heç bir istinad yoxdur. Kərimli hansısa sosial mediada yayılan, müxtəlif rəsmi və ya qeyri-rəsmi şəxslər tərəfindən məhz təbliğat məqsədi ilə dövriyyəyə buraxılan rəqəmləri gündəmə gətirməklə ictimai rəyi çaşdıra biləcəyini düşünür. Hansı ki, özünə az da olsa, hörmət edən siyasətçi, partiya sədri məsuliyyətini anlamalı, belə açıqlamalar verərkən reallığa, rəsmi mənbəyə müraciət etməyə çalışmalıdır. 

Kərimli dayanmadan Ukraynada həlak olan hərbçilərin ailələrinə ödənilən, hansısa saytdan və ya açıqlamadan götürülmüş məbləğlə bağlı iddiasını məqsədli şəkildə, xüsusi canfəşanlıqla dövriyyəyə buraxır.   Bunlar nə dərəcədə inandırıcı qərəmlərdir? O baxımdan ki, hazırda Ukraynanın durumu hamıya bəllidir; ölkə aparılan hərbi əməliiyatlardan böyük zərbə alıb, bütün iqtisadiyyatı iflic haldadır, hərbi, iqtisadi infrastrukturu dağıdılıb və s. Fakt budur ki, Ukrayna Qərbin maliyyə, hərbi, humanitar yardımı olmasa, ayaq üstə durmaq imkanında deyil. Lakin Kərimli heç bir rəsmi sənədə istinad etmədən, belə bir ağır vəziyyətdə olan, müharibənin fəal fazasına qədəm qoyan Ukraynada həlak olan hərbçinin ailəsinə yüksək məbləğdə vəsaitin verildiyini deyir. Onun səsləndirdiyi rəqəmlər üzərində dayansaq, bu təxminən 10 min nəfər  hərbçi üçün bu, 5.1 milyard dollar vəsait deməkdir. Ukrayna hazırda bu məbləği vermək gücündədirmi? Bu, Kərimlinin növbəti yalanı və xəstə təxəyyülünün məhsuludur. 

Kərimli Rusiyanı da tərifləyir və bu ölkədə ölən hərbçilərin ailələrinə verilən qat-qat yüksək vəsaitdən də bəh-bəhlə dəm vurur. Daha bir mif, daha bir yalan! Bu gün Rusiyanın vəziyyəti heç də Ukraynanın durumundan yaxşı deyil. Rusiyanın 640 milyard dollarlıq valyuta ehtiyatı dondurulub, Qərbin indiyə qədər oxşarı olmayan sanksiyaları ilə baş-başa qalan bu ölkənin az qala bütün iqtisadiyyatı çöküb. Üstəlik, Rusiyanın əsas gəlir mənbəyi olan enerji ixracı günü-gündən dalana dirənir. Kərimlinin feyk məlumatlarına inansaq, Rusiya belə bir vəziyyətdə hərbçilərin ailələrinə yüksək vəsait ödəyir. Rəqəmlərə baxaq: Ukrayna tərəfinin məlumatlarına əsasən, Rusiya 10 mindən artıq hərbçi itirib.  Deməli, Kərimlinin rəqəmlərinə əsasən ümumiləşdirmə aparsaq, Rusiya ölən hərbçilərin ailələrinə hardasa, 800 milyon dollar ödəyəcək. 

Tükənmiş siyasi müxalifət şəhid ailələsi, müharibə əlilləri ilə bağlı olmayan məsələləri qabartmaq və hakimiyyəti bu metodla nüfuzdan sala bilcəyini hədəfləyir. Kərimli yalanlar uydurub və ya başqa bir ölkənin propoqanda məqsədilə səsləndirdiyi rəqəmləri əsas götürüb Azərbaycanda bu kateqoriyadan olan şəxslərin sosial rifahının pisləşdiyini addımbaşı iddia etsə  də, vəziyyət tam əksinədir.

Torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksələnlər Prezident tərəfindən həmişə dəstəklənib və onlara dövlət qayğısının göstərilməsi üçün müxtəlif addımlar atılıb. Azərbaycan o ölkədir ki, Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərini dövlət tərəfindən qayğı ilə əhatə edir, onları mənzillə, müvafiq sosial ödəmələr və güzəştlərlə təmin edir. Bir çox ölkələrin nümunəsində bu yoxdur. Məsələn, Kərimlinin özünə sərf edəndə müqayisə apardığı Ermənistanda  müharibədə ölənlərin ailəsinə mənzil verilmir. Və ya müharibə əlillərinə avtomobil verilmir. Amma Kərimli bir dəfə də olsun, Azərbaycan dövlətinin yaratdığı imkanları etiraf etmir, bu barədə obyektiv mövqe tutmur. 

Azərbaycanda bütün bunlar (birdəfəlik ödəmə, mənzil, sosial ödənişlər və s.) nəzərə alınanda qeyd olunan kateqoriyadan olan şəxslərə qarşı həyata keçirilən sosial müdafiə tədbirlərinin mənzərəsi, həcmi tam aydın olur. Təbii ki, dövlətin imkanları artdıqca bu rəqəmlər daha da böyüyəcək və aparılan dövlət siyasəti, müsbətə doğru dəyişən rəqəmlər bunun əyani sübutudur.

Radikal müxalifət isə şəhidlərin, qazilərin, Vətən müharibəsi əlillərinin və  iştirakçılarının adından yararlanmaqla siyasi divident qazanmaq niyyətini güdür, bununla da əsl mahiyyətini təkrar-təkrar ortaya qoyur. Necə deyərlər, öz ampulasından çıxa bilməyən radikallar!

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top