Xalq artisti: “Bu gün kimin gücü varsa, haqq onun tərəfindədir”

İNCƏSƏNƏT 28 mar 2022, 16:05
Rusiya-Ukrayna müharibəsinin başladığı ilk gündən Qərb işğala məruz qalan ölkəyə hərtərəfli dəstək verib. Rusiyaya qarşı yeni-yeni sanksiyalar tətbiq edilir, ərazisini qoruyan ukraynanılar silah-sursat və humanitar yardımla təmin olunurlar. Rəsmi Kiyev üçün ağlasığmaz miqdarda maliyyə bəxşişləri də vəd olunub. Amma Azərbaycana qarşı münasibətdə bunun əksi müşahidə olunur. Ordumuz öz ərazisində, Xocalının Fərrux kəndində mövqeyini hərbi güc tətbiq etmədən dəyişən kimi rəsmi Bakı Qərbin və beynəlxalq qurumların təzyiqi ilə üz-üzə qalıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan xalq artisti Mənsum İbrahimov bu cür ikili standartların tarixən təkrarlandığını, bunun xristian təəssübkeşliyindən irəli gəldiyini dilə gətirib:

“30 il işğala məruz qalan ölkə olmuşuq, hər zaman da ikili münasibəti görmüşük. ABŞ Konqresi Azərbaycana "907-ci düzəlişi" tətbiq edib. Hər zaman da bizə deyiblər ki, güzəştə gedin. Nəyə güzəşt etməli idik? Torpağı işğal altında olan ölkə nəyə güzəştə getməlidir?! 

Türkiyədən, Pakistandan başqa yanımızda dayanan ölkə olmadı, çünki onlar da müsəlmandır. Bir xristian dövləti Azərbaycanı dəstəkləmədi. Hətta torpağımızı işğalçıdan təmizləyəndə, müharibə vaxtı Fransa, Amerika təzyiq edirdi ki, dayanın. Biz müharibə vaxtı heç bir mülki şəxsə toxunmadıq. Bərdə, Gəncə, Tərtər bombalandı, dedilər, müharibədir. 67-dən çox məscid dağıdılıb, amma biz heç bir abidəni dağıtmamışıq, əksinə, Bakının mərkəzində erməni kilsəsini təmir edib, içindəki kitabxana ilə birgə qoruyub saxlamışıq.

Dünyada haqsızlıq baş alıb gedir, bu gün kimin gücü varsa, haqq onun tərəfindədir. Guya nəyə nail oldular? Ukrayna kimi bir ölkə yerlə-yeksan oldu”.

Xalq artisti qeyd edib ki, Qərbin dediklərinə deyil, haqq işimizə inanmalı və o yolu davam etdirməliyik:

“Mən siyasətçi deyiləm, amma sənətçi, ən əsası vətəndaşam. Bu, məni də ağrıdır, biz Fərrux dağını terrorçudan təmizləyəndə bəyanat verdilər ki, geri çəkilin. Başa düşmürəm niyə! Erməni terrorçusunun ərazimdə nə işi var?! 10 noyabr bəyannaməsinin 4-cü bəndində də göstərilir ki, sülhməramlılar bölgəyə daxil olur, eyni zamanda, paralel olaraq erməni silahlıları ərazidən çıxır.

2 ilə yaxın vaxt keçib, hələ də bölgədən çıxmayıblar. Məncə, bu işi özümüz görməliyik. Bizim arxa-dayağımız yalnız qardaş Türkiyədir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top