Lalə Azərtaş: “Ölkəmizdə yaşayan azsaylı xalqların mədəni orijinallığı təmin olunur”

MƏDƏNİYYƏT 28 mar 2022, 14:43
“Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətlərinin öyrənilməsi və təbliği məqsədilə yerlərdə kiçik sərgilərin təşkili” layihəsi çərçivəsində İsmayıllı rayonunun Lahıc qəsəbəsində növbəti tədbir reallaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşaraq, onun öyrənilməsi və təbliğinin təşkil edilməsi məqsədi daşıyır. Qeyd edək ki, bu gün dünyanı ərazi iddiaları, iqtisadi və hərbi maraqlar, o cümlədən etnik-dini ayrı-seçkiliyə əsaslanan siyasətlər nəticəsində bir çox çağırışlar təhdid edir. Əlbəttə, Azərbaycanda müxtəlif millətlərə, dinlərə, adət-ənənələrə mənsub insanlar arasında tarixən mehriban münasibətlər olub. Bu gün Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. “Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyinin reallaşdırdığı layihə azsaylı xalqların mədəniyyətlərinin müxtəlifliyinə olan isti münasibətin bariz nümunəsidir.

Lahıcda təşkil olunan tədbirdə iştirak edən İctimai Birliyin sədri Lalə Azərtaş AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib: “Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə yazdığı ölkə olmaqla yanaşı, həm də mədəniyyətlər və sivilizasiyalararası dialoqa töhfə verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yaşayan bütün azsaylı xalqların mədəni orijinallığı müxtəlif qanunlar və hüquqi-normativ aktlarla təmin olunur. Müxtəlif etnosların, millətlərin və xalqların, dinlərin və konfessiyaların, mədəniyyətlərin nümayəndələri burada əmin-amanlıq içərisində yaşayırlar. “Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətlərinin öyrənilməsi və təbliği məqsədilə yerlərdə kiçik sərgilərin təşkili” layihəsinin həyata keçirilməsi və ictimailəşdirilməsi məhz azsaylı xalqların mədəniyyətlərinin müxtəlifliyinə isti münasibətin diqqət mərkəzində olduğunun daha bir təsdiqidir”.

Layihə çərçivəsində İsmayıllı rayonunda Lahıc mədəniyyəti barədə bir günlük seminar təşkil edilib, burada onların mədəni irsinə aid əl işlərinə, sənət nümunələrinə, mətbəxinə aid sərgilər açılıb.

Qəsəbədə Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında təşkil olunan tədbirdə Lahıc xalq folklor kollektivinin çıxışı, muğam və xalq mahnıları, rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sülhiyyə Əliyevanın xalça mağazasında sərgilənən “Dörd fəsil”, “Yeddi çiçək”, “Çiçi”, “Şirvan” kimi məşhur sənət incilərinə qonaqlar heyranlıqla tamaşa ediblər. Burada hər bir xalçanın toxunma tarixi, çeşnisi barədə məlumat verilib.

Əlli il papaqçılıqla məşğul olan Abdulla Dadaşovun hazırladığı papaqlar da öz milliliyi, çeşnisi və səliqəsi ilə diqqəti cəlb edirdi.

“Maşallah” misgərlik emalatxanasında sənətkar İlqar İsmayılovun nümayiş etdirdiyi yüzlərlə əl işi Lahıc sənətkarlığının əsrlərdən bəri süzülüb gələn peşə sənətinə bağlılığını nümayiş etdirirdi.

Tədbirin sonunda keçirilən dəyirmi masada İctimai Birliyin sədri Lalə Azərtaş, qəsəbə ərazi icra nümayəndəsi Əli Əlizadə və başqaları ölkəmizdə azsaylı xalqlara göstərilən diqqətdən, onların mədəniyyətlərinə, adət-ənənələrinə bəslənilən isti münasibətdən danışıblar.

Qeyd edək ki, üç ay davam edəcək layihənin ilk tədbiri Qaxda olub. Bu cür tədbirlər İsmayıllıdan sonra Quba və Lənkəran rayonlarında da reallaşdırılacaq.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top