“Ermənistanın sülh sazişi bağlamaqdan başqa çarəsi yoxdur”

REGİON 28 yan 2022, 00:20
“Ermənistanda siyasi kataklizmlər davam etməkdədir. Son vaxtlar Ermənistanın siyasi mühitini çalxalayan və müxtəlif rəylər yaradan prezident Armen Sarkisyanın istefa verməsi heç də mənim fikrimcə, onun dediyi kimi səlahiyyətlərinin məhdudluğu, ölkənin daxili və siyasətinə təsir göstərmək imkanlarının olmamasıyla bağlı deyil. Ən azı ona görə ki, Armen Sarkisyan bilməmiş deyildi ki, prezident seçilən zaman hansı səlahiyyətləri var. Buna razılaşaraq o, həmin vəzifəni tutmaq üçün razılıq verdi və prezident seçilə bildi”
 
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. F.Ağamalı Paşinyanın Ermənistanı ağır durumdan çıxarmaq üçün Türkiyə və Azərbaycana yaxınlaşmağa başladığını bildirib: 
 
“Onun istefasının başlıca səbəbi Ermənistanda gedən siyasi proseslərin birbaşa məntiqiylə bağlıdır. Son vaxtlar Paşinyan ölkəsini və xalqını mövcud ağır durumdan və gələcək faciələrdən xilas etmək üçün çıxış yolu kimi Türkiyə və Azərbaycanla münasibətləri düzəltmək xəttini götürüb. Bunu isə ardıcıllıqla və hədsiz ehtiyatlılıqla cəmiyyətinə ötürür və onları bu addımların atılması üçün hazırlamağa başlayıb. A.Sarkisyan isə belə düşünür ki, gec-tez Paşinyan bu addımlarına görə ermənilər tərəfindən cəzalandırılacaq. O, istəmir ki, gələcəkdə bu cür vəziyyətin içində olsun və o da Paşinyan kimi eyni şəkildə günahlandırılıb, cəzalandırılsın və ittiham edilsin. 
 
Məncə, ilk növbədə onun istefasının səbəbi bununla bağlıdır. Onun tərcümeyi-halını oxuyanda görməmək mümkün deyil ki, özünün şəxsi həyatının yüksək səviyyədə qurulmasına çalışıb və ambisiyalarının girovuna çevrilən bir adamdır. Ən müxtəlif situasiyalarda, yüksək səviyyəli şəxslərlə münasibətlərini quraraq bir an da olsun belə hansı komandanın hakimiyyətə gəlməsindən asılı olmayaraq kənarda qalmayıb. Bunun özü də elə onun haqqında fikir söyləməyə əsas verir. Siyasət elə bir şeydir ki, orda sadəcə olaraq baxışlarına və baş vermiş hadisələrə münasibətinə görə tərəfin olmalıdır. A.Sarkisyanın isə tərəfi yoxdur. Çoxbilmiş və hiyləgər formada, ən müxtəlif manevrlərlə istənilən gərgin vəziyyətdə özünü qoruyub, saxlaya bilib və yaranmış şəraitə uyğun olaraq məqsədlərinə nail olub. 
 
Paşinyan bu gün çalışır xəstələnmiş, ruhu, düşüncələri zəhərlənmiş erməni cəmiyyətiylə çox ehtiyatla davranaraq ölkəsini fəlakətli vəziyyətdən çıxarsın. Bu hiss olunur. Ölkəni bu fəlakətdən çıxarmağın yeganə çıxış yolu Azərbaycan və Türkiyəylə münasibətlərin yaxşılaşmasından keçir. Ermənilər isə heç zaman sözüylə əməli düz gəlməyən bir toplumdur. Onlar dedikləri sözün, imzaladıqları sənədin dərhal üstündən xətt çəkərək  tamamilə onun əksinə olan mövqe tuturlar və əməli addımlarıyla bunu təsdiq edirlər. Hətta erməni yazıçıları, siyasətçiləri və digər erməniləri tanıyan mütəfəkkirlər də onların bu ikiüzlü və riyakar mövqeləri haqqında zamanında çoxlu fikirlər söyləyiblər.
 
Biz isə təbii ki, ehtiyatımızı əldən verməli deyilik. Gücümüzün üstünə güc gətirməliyik. Necə ki, ölkə Prezident bu xətti götürüb və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra hərbi gücümüz, potensialımız daha da artıb. Sərhəd boyu istiqamətlərdə Sərhəd Qoşunlarının mövqeləri gücləndirilir, yeni dayaq məntəqələri yaradılır. Eyni zamanda, Müdafiə Nazirliyimiz də Ermənistanla sərhəd boyu zonalarda öz qoşunlarını və hərbi hissələrini dislokasiya edib və onun maddi, texniki təchizatıyla da ciddi şəkildə məşğul olur. Cənab Prezidentin də dediyi kimi hərbi potensialımız güclənib, onun arsenalına yeni silahlar gətirilib və imkanlarımız daha ciddi şəkildə möhkəmlənir. Bu baxımdan Ermənistan nə qədər sağa-sola vursa, qeyri-müəyyən hərəkətlər etməyə çalışsa da, onun sülh sazişi bağlamaqdan, sərhədləri dəqiqləşdirməkdən başqa çarəsi yoxdur. Çünki qarşısında Müzəffər Ali Baş Komandan İlham Əliyevi və onun rəhbərlik etmiş olduğu qəhrəman, igid Silahlı Qüvvələrimiz dayanıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top