Xırdalanda bərbərdən tanışına qarşı dəhşətli əməl — Təfərrüat

KRİMİNAL 26 yan 2022, 16:37
Abşeron rayonunda 1997-ci il təvəllüdlü Şahmuraz Məmmədov şəxsi münasibətlər zəminində tanışı Aydına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il oktyabrın 12-də, saat 11 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində baş verib.

Aralarında yaranmış mübahisə zamanı Şahmuraz yumruqla bir neçə dəfə Aydının sifət nahiyəsindən vuraraq ona xəsarətlər yetirib.
 
İstintaq orqanı tərəfindən Şahmurazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahmuraz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aydını hadisədən təxminən 3-4 ay əvvəldir tanıyır: “Yaşadığım evin yaxınlığında bərbər işləyirəm. Aydın isə taksi fəaliyyəti ilə məşğul olur. Aydınla aramızda olan tanışlıq da məni taksi kimi bir neçə dəfə müxtəlif yerlərə aparması zamanı yaranıb”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin oktyabrın əvvəllərində Aydın və tanışı Əkbər adlı şəxslə birlikdə olublar: “Bu zaman Aydın Ruslan adlı şəxsdən özünə paltar alacağını dedi və Xırdalan şəhəri, "AAAF-Park" yaşayış kompleksi yaxınlığına getməyimizi təklif etdi. Aydına etiraz etmədim. Birlikdə deyilən yerə getdik. Aydın avtomobildən düşdü və bir qədər sonra əlində bir neçə paltarla geri qayıtdı. Aydının əlində olan paltarları gördüm, bəyəndim və almaq istədiyimi dedim. Bundan sonra birlikdə Ruslanın yaşadığı evə getdik. Orada özümə 20 manat dəyərində, Əkbər isə 50 manat dəyərində nisyə köynəklə idman paltarı aldıq. Həmçinin Ruslanla gündəlik olaraq 10 manat məbləğində ödəniş etməyə razılaşdıq. Lakin imkanım olmadığından paltarın ödənişini edə bilmədim”.

Şahmurazın sözlərinə görə, oktyabrın 12-də, saat 11 radələrində yaşadığı evin həyətinə çıxan zaman Aydının evin həyətində olduğunu görüb: “Aydından nə üçün icazəsiz həyətimə daxil olduğunu soruşdum. Həmçinin evin həyətindən çölə çıxmasını dedim. Aydın evin həyətindən çölə çıxdı. Özüm də Aydının arxasınca evin qarşısına çıxdım. Aydından nə üçün gəldiyini soruşdum. Aydın paltar aldığı Ruslan adlı şəxsin onun evinə gələrək pulu və ya paltarı tələb etdiyini dedi. Ruslan adlı şəxsin nə üçün mənimlə əlaqə saxlamadığını və Aydının evinə getdiyini soruşdum. Aydın yanımda Ruslanla telefon vasitəsilə əlaqə saxladı və kənara çəkilərək telefonla danışdı. Aydın telefonla danışdıqdan sonra mənə yaxınlaşdı. Özüm də Ruslanla telefon vasitəsilə əlaqə saxlamaq istədim. Lakin Aydın üstümə gəldi və Ruslana zəng etməyimə imkan vermədi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı yumruqla iki dəfə Aydının sifət nahiyəsindən zərbə vurdum. Sonra isə yaşadığım evdən Ruslandan aldığı idman paltarını gətirərək Aydına qaytardım. Həmçinin iş yerimin yanma getməsini, oradan da Ruslanın yana gedəcəyimizi dedim. Aydın bundan sonra getdi. Lakin mənimlə əlaqə saxlamadı. Sonradan Aydının barəmdə şikayət etməsindən məlumatım oldu”.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. 

Şahmurazın barəsində “8 Noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilib. 

Onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top