“Dini islam olan dövlətdə “Topaz” kimi qumar platformasının olması utancvericidir” — Tural Abbaslı

SOSİAL 24 yan 2022, 13:33
"Həm partiya, həm də partiyamızın ideoloji xətti olaraq, biz kazinoların, qumarxanaların və ya “Topaz” kimi buna bənzər, dövlət nəzarətində olan digər qumar oyunlarının əleyhinəyik".

Bunu “Demokrat.az”a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. 

Partiya sədri qumarın fəsadlarının hər kəsə bəlli olduğunu qeyd edib:

"Təəssüflə qeyd etməliyik ki, “Topaz” bu sahədə Azərbaycanda xeyli irəliləyib. Nəzərə alsaq ki, gənclər arasında işsizlikdir, insanların gəlir mənbələri yoxdur və buna görə də, “Topaz” kimi qumar platformalarında kifayət qədər çox gəncimiz cəmləşir”.

Partiya sədri diqqətə çatdırıb ki, bir çox hallarda gənclər əllərindəki sonuncu qəpiyini və yaxud da ki, hər hansı bir avtomobilini və ya nəyisə sataraq, bu cür qumar oyunlarına qoyurlar: “Heç kəsə sirr deyil ki, beynəlxalq aləmdə bu mərc oyunlarının hamısı nəzarətdədir və heç bir zaman da mümkün deyil ki, sadə insanlar burada qazanclı çıxsınlar. Adətən, belə mərc oyunlarında platformaların özü qazanır. Ümumiyyətlə, dini islam olan bir dövlət üçün hər hansı bir nazirlik və ya komitənin nəzdində belə bir qumar platformasının olması düzgün deyil və düşünürəm ki, həm də utancvericidir. Bunu qeyd edirəm ki, bunun kifayət qədər fəsadları artıq Azərbaycan cəmiyyətində var və məlumdur. Təbii ki, biz həm Azərbaycan vətəndaşı olaraq, həm də bir partiya lideri olaraq “Topaz”ın Azərbaycanda fəaliyyətinin dayandırılmasının, ümumiyyətlə isə mərc oyunları platformasının Azərbaycanın internet məkanında məhdudlaşdırılmasının tərəfdarıyıq. Çünki, bizim gənclər belə ziyanlı vərdişlərə öyrəşməməlidir”.

T.Abbaslı vurğulayıb ki, insanlarımızı bu cür vərdişlərdən ayırmaq üçün aidiyyatı qurumlar təbliğat vasitələrindən istifadə edərək, belə platformalara uymamaqları üçün əllərindən gələni etməlidir:

“Hesab edirəm ki, burada kimlərsə varlanacaq deyə, minlərlə gənci qumarın ağuşuna atmaq düzgün deyil”.

Aynurə Pənahqızı
Demokat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top