“Putin Ukraynaya hücum edəcək qədər aqressiv dəli deyil”

DÜNYA 23 yan 2022, 17:45
Rusiya-Ukrayna müharibəsi təhlükəsi o qədər də real deyil, çünki Vladimir Putin bir soyuqqanlı lider kimi şıltaqlıq naminə Ukraynaya hücum etməyəcək.
 
Demokrat.az
xəbər verir ki, bunu Polşanın keçmiş prezidenti Bronislav Komorovski yerli “Fakt” portalına müsahibəsində deyib. O, əmindir ki, Rusiyaya uzun və yorucu münaqişə lazım deyil, o, yalnız heç bir halda ona güzəştə getməyən Aİ-yə təzyiq göstərmək istəyir.
 
Rusiya ilə Ukrayna arasında gərginliyin getdikcə artmasına və hər gün böyük bir münaqişənin başlaya biləcəyi barədə məlumatların çoxalmasına baxmayaraq, Polşanın keçmiş prezidenti Bronislav Komorovski vəziyyətin nəzarətdən o qədər də asanlıqla çıxacağına inanmır. O, Rusiya lideri Vladimir Putini heç də gözlənilməz və tez özündən çıxan hesab etmir. “Mən bu fikirlərlə tamamilə razı deyiləm. Rəsmi situasiyalarda bir neçə dəfə görüşmək şansımız olub və bu görüşlər zamanı onun tamamilə soyuq hesablamaları rəhbər tutduğu aydın görünürdü. Hər halda, o, heç də sırf hücum xatirinə Ukraynaya hücum edəcək qədər aqressiv dəli deyil. Putin hamını gərgin saxladığı bir vəziyyətdən nə əldə edə biləcəyini soyuqqanlıqla hesablayır”, - deyə keçmiş Polşa lideri “Fakt”a izah edib.
 
O, müsahibəsində təkid edir ki, nə qədər ki, Rusiya ilə danışıqlar bir nəticə verməyib, Qərb güzəştə getməməlidir. “Mən Rusiyaya qarşı güzəşt siyasətinin əleyhinəyəm. Vladimir Putin belə bir siyasəti görəndə daha çox şey istəyəcək. Buna görə də sərt mövqe tutmalı və özümüzü qorxutmağa imkan verməməliyik. Əgər Qərb öz zəifliyini göstərərsə, bu, Vladimir Putini aqressiyaya və Ukraynanın növbəti ərazilərinə hücuma sövq edə bilər. Bu danışıqlar zamanı Rusiya lideri Qərbin gücünü hiss etməlidir. Zəiflik aqressiyaya səbəb ola bilər. Və əksinə, güc təcavüzkar siyasətin qarşısını alar", - deyə keçmiş prezident birdirib.
 
Bronislav Komorovski də müharibə təhlükəsinin real olduğunu təsdiq etmir, hətta müharibə başlasa belə, bunun sırf hərbi münaqişə deyil, sadəcə bir sıra lokal münaqişəli hibrid müharibə olacağına inanır. “Rusiya artıq əmin olur ki, Ukrayna ordusu getdikcə daha yaxşı təkmilləşən çətin bir rəqibdir. Ona görə də Putin uzun və yorucu ola biləcək silahlı münaqişəyə getməyəcək. Bu vəziyyət çox güman ki, Aİ-yə təzyiq cəhdidir”, - deyə o qeyd edib. Onun fikrincə, yalnız Rusiyaya qarşı sərt siyasətlə və heç bir güzəştə getməməklə münaqişədən qaçmaq olar. Üstəlik, bu məsələdə ağrılı sanksiyalarsız ötüşmək mümkün olmayacaq./Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top